Hacıqabul rayonu, Navahı qəsəbəsində, magistral yolun kənarında yerləşən “Nur” adlı restoranda xanım müştərinin çantasından pulları oğurlayan xadiməyə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, hadisə 28 dekabr 2023-cü il tarixdə baş versə də, məhkəmə işi iki gün əvvəl yükunlaşıb.
Belə ki, Zərnitac Cümşüdova adlı qadın Səhiyyə Nazirliyində işləri ilə əlaqədar tanışı Hüsaməddin Əliyevin avtomobili ilə Bakı şəhərinə gəlib. Həmin gün saat təxminən 15 radələrində Navahı qəsəbəsi ərazisində yerləşən “Nur” adlı restoranında çay içiblər. Zərnitac restoranın sanitar qovşağında əl çantasını unudaraq Bakıya gəlib. Paytaxta çatana yaxın əl çantasını sözügedən restoranda unutduğunu bilib. Bu səbədən restorana zəng edib. Ona bildiriblər ki, çanta xadimə tərəfindən tapılaraq administratora təhvil verilib.
Zərərçəkmiş qadın Bakıda işlərini gördükdən sonra “Nur” restoranına yollanıb və çantanı ona təhvil veriblər. Elə hər şey isə bundan sonra başlayıb. Belə ki, qadının çantası qaytarılsa da, içərisindəki 1000 manat və 1,87 manat ekvivalentində 100 rus rublu olmaqla, 1001,87 manat nağd pul vəsaitinin olmadığı məlum olub.
Zərnitac Cümşüdova bu barədə polisə məlumat verib. Aparılan araşdırma zamanı aydın olub ki, sözügedən pullar restoranda xadimə işləyən 1965-ci il təvəllüdlü qadın tərəfindən götürülüb. O, çantanı tapdıqdan sonra restoranın namaz otağında gizlədib. Heç kimin olmadığı vaxt pulları götürüb və boş çantanı şübhələnilməsin deyə administratora təhvil verib.
Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən qadın 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Qeyd edək ki, bu ilin mart ayından Navahı qəsəbəsində yerləşən “Nur” restoranı 1,3 milyon manata satışa çıxarılıb.