Bütün dünyada işçi sinfinin hüquqlarını qorumaq, mənafelərini müdafiə etmək üçün fəaliyyət göstərən Həmkarlar İttifaqları Azərbaycanda 30 ildir ki, bir ailənin və bir neçə dolandırlcının monopoliyası altındadır. 30 ildir ki, Azərbaycan əməkçilərinin maaşından tutulan faizlər bu şəxslərin nəhəng biznes imperiyasının formalaşmasına, ölkənin ən varlı oliqarxlarından birinə çevrilməsinə səbəb olub. Bizim zəhmətkeşlərin alın təri Səttar Mehbalıyevlərin, Qalib Qəribovların, nazir oğluna güvənən Hümbət Nağıyevlərin həyat baxçasında açılan milyonları suvarır.
Onların sədarəti dövründə ölkədə 4 dəfə hakimiyyət dəyişikliyi, 2 Vətən müharibəsi, qlobal böhranlar, pandemiya olmasına baxmayaraq hələ də Mehbalıyevin 30 illik xanədanına kimsə son vermək niyyətində deyil. Düz 5 dəfə “demokratik seçki” yoluyla sədr seçilən baş həmkar həm də 20 illik deputatlıq karyerasına malikdir. Bax beləcə 30 ildir ki, Azərbaycanın əməkçi sinfi özünə Mehbalıyevdən qeyri bir sədr yetişdirə, seçə bilmir!
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası haqqında korrupsiya, rüşvət ittihamları səsləndirilən qurumların başında gəlir. Sadəcə medya üzərindən qısaca bir araşdırma aparmaq kifayətdir ki, qurumda baş verən dəhşətli əməllərdən hali olasan. İndiyə qədər bir həmkarlar ittifaqı üzvünün sınıq barmağına su damızdırmayan S.Mehbalıyevin nəhəng biznes imperiyasının sərhədləri ölkə hüdudlarından da kənara çıxır. “Əsl həmkarlıq ailədən başlayır” prinsipi ilə işləyən Mehbalıyev AHİK-i həm də ailə podratı əsasında idarə edir. Ailə üzvləri, qohum-qəbiləsi, dost tanışı qurumda ən üst səviyyədə təmsil olunurlar. Biz də alnımızın təriylə qazandığımız qəpik-quruşdan hər ay azı 2 faizini bu ailənin tərəqqisi naminə fəda edirik. Hər il toplanan faizlər hesabına büdcəsinə milyonlarla manat qədərində vəsait daxil olan AHİK-də bu vəsaitin hara, necə sərf olunmasını Səttar müəllimdən başqa kimsə bilməz. Necə olsa da kişinin 30 illik təcrübəsi var, bu sirri hər yetənə açmaz.
Baş həmkarımızın adı illərdir ki, “putyovka biznesi”ndə də hallandırılır. Çünki istirahətə getməmişdən əvvəl AHİK-də adamı əməlli-başlı “dincəldirlər” , sonra kurorta göndərirlər. Özü də Mehbalıyevə və dostlarına məxsus kurortlara.
Son zamanlar AHİK-də korrupsiyanın daha vətənpərvər metodundan istifadə olunur. Belə ki, qazilərə, şəhid ailələrinə AHİK adından müxtəlif hədiyyələr, yardımlar edilir. Amma, bütün bunların neçəyə başa gəldiyi araşdırılarsa yəqin ki, dəhşətli korrupsiya əməlləri üzə çıxar. Qazilərə verilən 5 manatlıq hədiyyə AHİK-in büdcəsindən 25 manatın yoxa çıxmasına gətirib çıxarır.
Verilən məlumatlara görə Mehbalıyevin xüsusi əməliyyatlarına Hümbət Naqıyev və Qalib Qəribov rəhbərlik edir. Bu sahədə “təcrübəli mütəxxəsis” olan Hümbət Naqıyev mükəmməl bir mexanizm formalaşdırıb. Sənədlərə qol çəkən Mehbalıyev isə bu mexanizmin son nöqtəsini qoyur.
Ramiz Mehdiyevin sevimli kadrı, Əli Həsənovun istəkli qudası olan Səttar Mehbalıyev məhz onlarla həmkarlıq konfederasiyası yaradıb. Elə bu gün də qudası ilə həmkarlığını davam etdirir. Amma nədənsə indiyədək bütün bunlar heç kimin diqqətini cəlb etmirdi. AHİK-də baş verən korrupsiya əməllərinə kimsə gözünü də götürüb baxmır. Halal pulları yeyilən yüz minlərlə əməkçinin pozulan hüquqları kimsəni narahat etmir. Bəlkə biz bilmirik, AHİK dövlət içində dövlətdir ?Xüsusilə təhsil işçilərinin vəziyyəti olduqca acınacaqlıdır. İstirahət məkanlarına və yaxud müalicə müəssələrinə müəllimlər üçün ayrılmış göndərişlər baha qiymətə tamamilə başqa aidiyyatı olmayan şəxslərə satılır. Bu barədə də əlimizdə kifayyət qədər faktlar var.
Hesab edirik ki, yetər…
Növbəti AHİK sədr seçkilərinə saylı günlər qalıb. Ədalətli seçki keçərsə adları yuxarda çəkilən şəxslər etdiyi əməllər üçün Baş Purokrorluğ , hüquq mühavizə orqanları qarşısında cavab verməlidirlər.
Nicat Mahmudov – Rubrika.Az