“HEYDƏR ƏLİYEV BAHARIN YÜZÜNCÜ ANI” filminin təqdimatı oldu – FOTOLARbackend
Mayın 12-də Park Cinema Flame Towers kinoteatrında müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin əziz xatirəsinə həsr olunan “Baharın yüzüncü anı” filminin ictimai təqdimatı keçirilib. 
“Yeni Gundem” xəbər verir ki, AysMed klinikasının sifarişi ilə hazırlanan film müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub və Ümummilli liderin ölkəmizdə səhiyyənin, tibb təhsilinin inkişafında göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edir. Film boyu Heydər Əliyevin səhiyyə ilə bağlı kəlamları, maraqlı arxiv kadrları, habelə məşhurların bu böyük şəxsiyyətə dair kəlamları yer alıb. Milli Məclisin Səhiyyə komitəsinin üzvləri İlham Məmmədov, Müşfiq Məmmədli, Rəşad Mahmudov, Respublika Perinatal Mərkəzinin direktoru Mehriban Abasquliyeva, uzman həkimlər Rəqsanə Cəlilova, Hürü Rəhimova, Elşən Tağıyev, Gülnarə İsmayılova milli səhiyyəmizin öndərinə dair xatirələrini səmimi şəkildə tamaşaçılarla bölüşürlər.
“Səhiyyə işçiləri, sizin peşəniz elə bir peşədir ki, hər insana lazımdır və dünyanın hər yerində lazımdır. Bu, sizin kimi adamlar üçün böyük xoşbəxtlikdir”- kəlamının müəllifi Heydər Əliyevin ən böyük xoşbəxtliyinin adı Azərbaycan idi. Memarı olduğu, övladı tək üzərində əsdiyi, əmək verdiyi, hər qarışına aşıq olduğu Azərbaycan!
Filmin finalı təsadüfi yerə “Azərbaycan” sədaları ilə bitmir…Ömrünü xalqına bağışlamış liderin ifasında həyəcanla səslənən məşhur şeirlə…”Nə qədər ki, Azərbaycan var, mən varam” – deyən Ulu Öndərin əbədiyyətlə bütünləşməsinin rəmzi olan Azərbaycanın səhiyyəsində necə dönüş yaratmasından faktlarla bəhs edən “Baharın Yüzüncü Anı” sənədli filminin ideyası “Aysmed” klinikasının təsisçisi və direktoru Aydın Soltanlıya məxsusdur. Müəllif Firuzə Cəlilova, ssenari yazarı İlhamə Novruzovadır.