Heydər Əliyev irsi elə bir zəngin xəzinədir ki…backend

“Oktyabrın 3-də Ümummilli Lider Heydər Əliyevin ilk dəfə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 31 ili tamam olur. 1993-cü ildə keçirilmiş prezident seçkiləri müstəqilliyini yeni bərpa etmiş Azərbaycanın intibahına gedən  yolun ilk pilləsi oldu. Seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini qazanan Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb”.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, xalqımızın müasir dövlətçilik tarixinin formalaşmasında və inkişafında görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin rolu və xidmətləri misilsizdir. Ulu Öndər bəşəri dəyərlər zəminində xalqın müstəqillik məfkurəsini reallığa çevirməklə müasir dövlətçilik sistemimizin mükəmməl siyasi-ideoloji, iqtisadi və mənəvi dayaqlar sistemini yaradıb. Bu böyük şəxsiyyət bütöv bir tarixi mərhələnin yaradıcısı və nadir ictimai-siyasi fenomen idi. Müasir Azərbaycan tarixi Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Dahi Liderin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi xalqımızın yaddaşına möhtəşəm tərəqqiyə dönüş anı, şərəfli bir tarixin başlanğıc günü kimi həkk olunub. 1969-1982-ci illərdə ölkənin sosial-iqtisadi göstəricilərinin təhlili göstərir ki, zəngin təcrübəyə, nadir istedada malik Heydər Əliyevin rəhbərliyi ilə respublikada istehsalın həcmi və məhsuldarlıq sürətlə yüksəlib, böyük nailiyyətlər qazanılıb. Qısa müddət ərzində Azərbaycan keçmiş Sovet respublikaları arasında sosial-iqtsadi cəhətdən ön sıralara çıxdı, eləcə də milli-mədəni və mənəvi intibah dövrü başladı. Haqlı olaraq deyilir ki, o dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə milli şüurun və milli özünüdərkin oyanışı baş verdi ki, bu da Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcı idi.

Deputatın sözlərinə görə, 1988-ci ildən başlanan və 1993-cü ilin ortalarına qədər baş verən proseslər göstərdi ki, Heydər Əliyevin hakimiyyətdə olmadığı müddətdə xalqımızın başına çox böyük müsibətlər gəldi, ermənilər tərəfindən torpaqlarımızın bir hissəsi işğal olundu, Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Ona görə də, xalqın təkidli tələbi ilə Heydər Əliyev 1993-cü ilin iyun ayında ikinci dəfə hakimiyyətə gəldi. Çox ağır bir dövrdə dövlət idarəçilik sükanını öz əlinə alan Ulu Öndər özünün cəsarəti, polad iradəsi, fədakarlığı nəticəsində bütün çətinlikləri qısa müddətdə dəf etdi, Azərbaycanı məhv olmaqdan xilas etdi. Bütün bu səbəblərdən, biz haqlı olaraq Heydər Əliyevi xalqmızın xilaskarı kimi dəyərləndiririk. Bundan sonra isə ölkədə sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr ləğv olundu, Azərbaycan tərəqqi yoluna çıxdı. Dahi şəxsiyyət müstəqil Azərbaycan dövlətinin möhkəm təməlini, bünövrəsini yaratdı. Bu elə bir bünövrə oldu ki, Ulu Öndərin özünün dediyi kimi, Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. 1993-cü ildən 2003-cü ilədək Dahi Lider müstəqil dövlətimizin və xalqımızın inkişafı üçün ömrünü şam kimi əritdi. O, hakimiyyəti dövründə xalqımızın tərəqqisi, ölkəmizin güclənərək beynəlxalq miqyasda öz layiqli yerini tutması üçün titanik fəaliyyət göstərdi.

Fatma Yıldırım qeyd edib ki, bugünkü müstəqil Azərbaycan məhz Heydər Əliyevin nurlu, parlaq zəkasının bəhrəsidir. Heydər Əliyev irsi elə bir zəngin xəzinədir ki, bu irsin hər zaman öyrənilməsi həyati əhəmiyyət kəsb edir. Ulu Öndər bu gün cismən aramızda olmasa da, Onun işıqlı yolu uğurla davam edir. Bu yolu   layiqincə davam etdirən Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan güclü, qüdrətli dövlətə çevrilib. Azərbaycan bu gün dünyada böyük nüfuz, söz sahibi olan müstəqil dövlətdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə doğma torpaqlarımızın 30 illik işğalına son qoyuldu, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi. Beləliklə, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul olunur.