Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə etdiyi çağırışa müvafiq olaraq Heydər Əliyev Mərkəzində mart ayına nəzərdə tutulan 2 konsertin tarixi dəyişdirilib.
“Yeni Gündəm”in xəbərinə görə, “Kremerata Baltika” kamera orkestri və pianoçu Lyuka Debarqın martın 14-nə, amerikalı caz müğənnisi Dayan Rivsin martın 29-na nəzərdə tutulan konsertləri başqa tarixdə keçiriləcək. Konsertlərin yeni tarixi barədə əlavə məlumat veriləcək.
Konsertlərə alınmış biletlərlə bağlı “iTicket.az”ın Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı satış məntəqələri, həmçinin 2 saylı köşkü (Bülbül prospekti, Nizami küç.) ilə əlaqə saxlayıb informasiya almaq olar.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun coğrafiyasının genişlənməsini nəzərə alaraq müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib.