Artıq bir neçə gündür Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası başlayıb. Mandat qazanmaq uğrunda yarışa qatılanlar seçicilərinə vədlər verməyi başlayıblar.
Parlamentdə illərdir oturduğu kreslosunda kök salan bəzi deputatlardan örnək alan adamlar böyük bir ehtirasla mandat əldə etmək uğrunda ölüm-dirim savaşına çıxıblar.
Mərkəzi Seçki Komissiyasının seçki siyahısına baxanda da görürük ki, orada saysız-hesabsız deputat olmaq, daha doğrusu, 5 il parlamentdə mürgüləmək istəyən “dejurnı” adamlar mövcuddur. Bunlardan biri də Rəsulzadə bələdiyyəsinin və Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından namizədliyini verən Hüseynov Hümbət Rəhim oğludur.
Yenicag.az olaraq istər hakim YAP, istərsə də bitərəf və yaxud müxalifət üzvü olan deputatlarla bağlı silsilə tənqidi məqalələrə yer ayırmışıq. Bugünkü “qonağımız” isə YAP-ın üzvü Hümbət Hüseynovdur.
Qısa araşdırma nəticəsində məlum olub ki, H.Hüseynov bələdiyyəçilik fəaliyyəti dövründə qəsəbədəki sanitariya-gigiyena qaydalarına əməl etmədiyi cərimələnib.
Hümbət Hüseynov bələdiyyə sədri kimi hansı “uğurlara” imza atdı ki, deputat da olsun?
16 aprel 2021-ci ildə Daxili İşlər Nazirliyi tərəfindən yayılan açıqlamada qeyd olunub ki, Binəqədi rayonu M. Ə. Rəsulzadə qəsəbəsi ərazisində məişət və digər qarışıq tullantıların qalaqlanması aşkar edilib:
“Keçirilən müvafiq tədbirlərlə ətraf mühitin mühafizəsinə məsul olan vəzifəli şəxs müəyyən olunaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 541-ci (ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi) maddəsinin tələblərini pozduğuna görə qəsəbə bələdiyyəsinin sədri H. Hüseynov 3.000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub”, – deyə məlumatda qeyd olunub.
Cərimələrdən söz düşmüşkən, ölkədə bələdiyyələrin fəaliyyətsizliyindən, habelə əmlak vergisi qalmaqalından çoxlarının xəbərdar olduğunu bilirik. Qeyd edək ki, əmlak vergisi hesablanarkən mənzil sahəsinin 30 kv.m-i güzəşt edilir və bu hissədən vergi tutulmur. Hətta əmlak vergisi yaşayış zonalarına uyğun olaraq, Vergi Məcəlləsinə görə fərqli hesablanır. Amma və lakin daşı daş üstünə qoymayan bələdiyyələrimizin dövlət reyestrindən çıxarışı olan mənzillərlə bağlı hədələyici tonda vətəndaşları cərimələmək xəbərdarlıqları bu strukturda olan fəaliyyətin göstəricisidir.
Dünyanın bir çox ölkələrində bələdiyyələr ətraf-mühitin təmizliyinə, habelə ərazinin abadlaşdırılmasına xidmət göstərərkən, nə təsadüfdürsə, bizim bələdiyyələr, daha dəqiq desək, bələdiyyə sədrlərimiz dövlət tərəfindən verilən dotasiyaları altına yığıb camaatdan cərimə pulu dilənirlər.
Xülasə, bələdiyyələrə qarşı inamsızlığın olduğu bir zamanda, maraqlıdır ki, YAP üzvü olan Hümbət Hüseynov Rəsulzadə qəsəbəsi əhalisinin hansı etimadını qazanaraq parlamentdə düşmək niyyətindədir? Qəsəbə haqqında yazılan yazılara diqqət yetirsək, görərik ki, ərazidə yaşayan insanların çoxu həyat şəraitlərindən narazıdırlar.
Yolların kələ-kötürlüyü, qəsəbəətrafı ərazilərdəki qamışlığın zibilliyə çevrilməsi, kanalizasiya xətlərinin olmaması və s. buna nümunədir.
Həmin ərazidə yaşayan insanları təngə gətirən əsas məsələ ilə oranın zibilliyə çevrilməsi faktıdır. Yenə də qısa bir araşdırma nəticəsində Rəsulzadə qəsəbəsi ilə bağlı qarşımıza çıxan məlumatlar ancaq ərazinin zibilin götürməsi ilə bağlıdır. İstər həyət evləri, istərsə də mənzil sakinləri üçün ən böyük problem məhz budur.
İndi sual edirik: 60 minə yaxın əhalisi olan bir qəsəbəni doğru-düzgün idarə edə bilməyən Hümbət bəy o boyda Binəqədinin problemlərini parlamentdə dilə gətirəcəkmi? Nədənsə buna ümidimiz azdır…
Mövzunu davam etdirəcəyik…
www.yenicag.az