İkili vətəndaşlıq indi daha asandırbackend

Almaniyada mühacirlərin uzun illərdir gözlədiyi ikili vətəndaşlığı asanlaşdıran qanun layihəsi parlamentdən keçərək qanuna çevrilib.

Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasının (FDP) yaratdığı koalisiya hökumətinin hazırladığı “Vətəndaşlıq Qanununun Müasirləşdirilməsi” adlı qanun layihəsinin lehinə 382 səs verilib. Layihəyə 234 “xeyr” səsi verilsə də, 23 deputat bitərəf qalıb.

Federal Məclisdə qanun layihəsi ilə bağlı danışan İnteqrasiya üzrə Dövlət Naziri Reem Alabali-Radovan ifrat sağçılara qarşı qətiyyətli mövqe istəyib və “Bizim güclü konstitusiyamız, güclü institutlarımız və güclü vətəndaş cəmiyyətimiz var, lakin heç bir zəmanət yoxdur. Hər şeyi qətiyyətlə müdafiə etmək lazımdır” deyib.

Yaşıllar Partiyasının millət vəkili Canan Bayram, ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) immiqrantları deportasiya etmək planları hazırladığı bir vaxtda bu qanun layihəsinin təsdiqlənməsinin çox vacib olduğunu vurğulayaraq, “Biz azad və bərabər şəkildə bir yerdə dayanan bir cəmiyyəti müdafiə edirik. Beləliklə, nəhayət, “Ölkəmizdəki müxtəlifliyə haqq qazandırırıq və indiyə qədər bir çox insanın vətəndaşlığa keçməsinə mane olan bir maneəni yıxırıq” deyib.

Daxili İşlər Naziri Nensi Faeser yazılı açıqlamasında qanunun qəbulundan məmnun olduğunu bildirib və “İslahatımız müasir Almaniyaya olan bağlılığımızın bir əlamətidir. Biz ədaləti təmin edən müasir immiqrasiya qanunu yaratdıq” deyib.

Qəbul edilən yeni islahatla mühacirlərə deyilir: “Siz Almaniyaya aidsiniz”. Mesajın verildiyini qeyd edən Faser, naturalizasiyanın Almaniyaya ən güclü bağlılıq olduğunu vurğulayıb.

Qanunun aprel ayında qüvvəyə minməsi gözlənilir. Xalq arasında “ikili vətəndaşlıq qanunu” kimi tanınan “Vətəndaşlıq Qanununun Müasirləşdirilməsi” ilə Almaniya vətəndaşlığını əldə etmək üçün tələb olunan qanuni yaşayış müddəti 8 ildən 5 ilə endirilib. Almaniya vətəndaşlığını almaq istəyən şəxsin ölkədəki həyat şəraitinə uyğunlaşmaqda məktəb və ya peşə uğuru qazanması, könüllü iş görməsi və ya dili öyrənmək üçün xüsusi səy göstərməsi hallarında bu müddət 3 ilə endirilib.

İkili vətəndaşlıq imkanı tətbiq olunduğundan əvvəllər qüvvədə olan və gəncləri 23 yaşına kimi valideynlərinin vətəndaşlığı və ya Almaniya vətəndaşlığı arasında seçim etməyə məcbur edən “opsiya modeli” tamamilə ləğv edilib.

Almaniyada doğulan uşaqlar, hətta Almaniya vətəndaşı olmasalar belə, əgər valideynlərindən biri ölkədə qanuni olaraq ən azı 5 il yaşayırsa, Almaniya vətəndaşlığını ala biləcəklər.

Alman vətəndaşlığını əldə etmək üçün şəxs həm də sosial yardım almadan özünü və himayəsində olanları dolandırmalıdır. Qonaq işçi nəsli, yəni 1960-cı illərdə Almaniyaya gələn türk işçilər, son 2 ildə 20 ay tam ştatlı işləyən əcnəbilər və tam ştatlı işçilərin xarici həyat yoldaşları bundan azad ediləcək.

Həmçinin Alman vətəndaşlığı üçün yazılı imtahan tələbi də qonaq işçi nəsli üçün ləğv ediləcək.

Mənbə: TGRT

Aynur Camal