“İlham Əliyev cəsarətli bir liderdir” – Ersin Tatarbackend

“Biz Türk Dövlətləri Təşkilatına yekdilliklə müşahidəçi üzv olduq. Buna görə qardaş Azərbaycana təşəkkürümü bildirirəm”.

“Yeni Gundem” xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın TNS-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin böyük dəstəyi olub: “Prezident İlham Əliyevlə görüşlərimiz olub. Azərbaycan xalqının Kipr türklərinə dəstəyi tamdır. Cənab İlham Əliyev bizə tam dəstək verir. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana da təşəkkürümü təkrarlamaq istəyirəm”.

E.Tatar xatırladıb ki, Ərdoğan bir neçə həftə əvvəl – sentyabrın 19-da Nyu-Yorkda tarixi çıxışında yenə də Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasından bəhs edib: “Şimali Kipr Türk Cümhuriyyəti ilə bütün sahələrdə – iqtisadi, mədəni, diplomatik, siyasi əlaqələrin qurulmasının vacibliyini dilə gətirdi. Hörmətli Rəcəb Tayyib Ərdoğan “Bizim kimsənin haqqında gözümüz yoxdur, amma öz haqqımızı da kimsəyə verməyəcəyik”, – dedi. Onun Kiprlə əlaqədar böyük səyləri olub. Dünyanın hər yerində Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasına çalışır”.

O, artıq Şimali Kipr Türk Cümhuriyyətinin bir gerçək olduğunu deyərək, vurğulayıb ki, bunun geri dönüşü yoxdur. Onun sözlərinə görə, Kiprlə bağlı bir anlaşma olduğu təqdirdə Şimali Kipr Türk Cümhuriyyəti bu anlaşmanın bir parçası olacaq.

Azərbaycanla əlaqələri ən yüksək səviyyəyə çatdırmağa çalışdıqlarını deyən E.tatar bildirib ki, xüsusilə, Qarabağ zəfərindən, son əməliyyatdan sonra Azərbaycan çox güclü bir mövqeyə sahib olub: “Azərbaycan bizim gerçək qardaşımızdır. Bizə qəlbdən bağlıdır, biz də Azərbaycana qəlbdən bağlıyıq. Bu dövrdə prosesin necə yönəldiləcəyinin ən yaxşı cavabını cənab İlham Əliyev verəcək. Ona güvənimiz tamdır. Türkiyənin də güvəni tamdır. İlham Əliyev cəsarətli bir liderdir. Atası Heydər Əliyev kimi, o da bütün prosesləri ən yaxşı şəkildə idarə edib və başarılı olub. Əlbəttə, asan deyil. Həm Türkiyənin dəstəyi, həm də cənab İlham Əliyevin öz iradəsi, ağırlığı, uğurları ilə Azərbaycan dövləti gerçəkdən hər kəsin sayğı duyduğu bir dövlət kimi gücünü daha da artırıb”.