“İlham Əliyev: Tarixi Qələbələr yazan güclü Sərkərdə”backend

Növbəti tarixi Qələbəmiz münasibətilə xalqımızı təbrik edir və bu tarixi anları bizə yaşadan Müzəffər Liderə minnətdarlıq hissini ifadə edirəm.

Məlum olduğu kimi, cari ilin aprel ayının 19-da Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya üzrə dövlət komissiyalarının 8-ci iclasında tarixi qərar qəbul edilib. Bir güllə belə atılmadan Ermənistan tərəfi 1990-cı illərin əvvəllərindən işğal altında saxladığı Qazax rayonunun 4 anklav olmayan kəndlərinin Azərbaycana qaytarılmasına razılıq verib. Bəli, xüsusilə qeyd etmək lazımdır ki, bu möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığımız növbəti tarixi Qələbədir. Necə ki, “Dəmir yumruq” əməliyyatı ilə Azərbaycanın tarixi torpaqları düşmən tapdağından təmizləndi, ərazi bütövlüyümüz təmin olundu və Ermənistana böyük tarixi dərs verildi.Bu bizim parlaq Qələbəmiz və Azərbaycanın qüdrətli dövlət olmasının əyani sübutu idi. Əfsuslar olsun ki, Ermənistan bu dərsdən nəticə çıxara bilməmişdi. Doğma Qarabağda separatizmin tör-töküntüləri qalmaqda idi. Möhtərəm Prezident cənab İlham Əliyevin humanist müraciətlərinə baxmayaraq, mənfur düşmən hələ də əzəli yurdumuzda vandallıq nümayiş etdirirdi. 2022-ci ildə həmçinin 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun erməni separatçılarına qarşı həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində mənfur düşmən darmadağın oldu. Vətən müharibəsi Qələbəsi və uğurlu antiterror əməliyyatlarımız Ermənistana tarixdə verilmiş ən böyük dərs idi. Bütün uğurlarımızın əsasında möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik siyasəti dayanır. O siyasət ki, bizə tarixi Zəfər qazandırıb, bizim bir xalq olaraq güclü və məğlubedilməz olduğumuzu dünyaya nümayiş etdirdi.
Bu gün Qazaxın 4 kəndinin düşməndən geri alınması, xüsusilə heç bir hərbi qarşıdurma olmadan buna nail olmaq, bizim üçün qürurverici hadisədir. Xarici düşmənlərin gözünə ox olub batan Zəfərimiz daxildəki düşmənlərin də başına od ələyib. Vaxtilə riyakar müxalifətin sifarişlə danışdıqları yalanlar cənab Prezidentin mükəmməl siyasəti ilə alt-üst oldu. Cənab Prezidentin Müzəffər olduğunu Azərbaycan xalqı çox yaxşı bilir və qədirbilən xalqımız öz Liderinin yanında “Dəmir yumruq” kimi birləşir. Rusiyanın sülhməramlıları Azərbaycandan heç vaxt çıxmayacaq və onlar bizim ərazilərimizi işğal etməyə gəlib deyən “güclü siyasətçilər” bu gün dünyanın gözü qarşısında rəzil olublar.

Qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycan bu gün cənab İlham Əliyevin ali rəhbərliyi ilə xoşbəxt və firavan gələcəyə doğru uğurla addımlayır və hər gün yeni bir tarix yazır.

İlham Məmmədov
Milli Məclisin deputatı