İlham Əliyevin rəhbərliyi altında müasir dövlət qurduq, özümüzü dünyaya sübut etdik – Dilarə Cəbrayılovabackend

“Bir xalqın, dövlətin onu qələbələrə, uğurlu inkişafa götürüb, istək və arzularını, qarşılarında duran problemini həll edən bir lideri varsa, o xalq, millət xoşbəxtdir. Bu gün birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan xalqı da dünyanın xoşbəxt xalqlarından biridir ki, onun 30 illik torpaq həsrətinə son qoyan, qələbə sevincini yaşadan Ali Baş Komandanı, İlham Əliyev kimi Prezidenti, Lideri var”.

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri açıqlamasında V çağırış Milli Məclisin deputatı, 295 nömrəli məktəbin direktoru Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova xatırladıb ki, müstəqilliyimizin ilk illəri xalqımız üçün çox ağır illər oldu, itkilər verdik, mərhumiyyətlər yaşadıq, çox bərkə-boşa düşdük, ağrıdıq, sızıldadıq, ağladıq, dərd-qəm çəkdik, harayımızı dünya eşitmədi: “Doğru olan yolu isə bizə 1993-cü ilin iyunun 15-də yenidən ölkə rəhbərliyinə qayıtmaqla dövlətiçiliyimizi xilas edən Ümummilli Lider Heydər Əliyev göstərdi, söylədi və inandırdı ki, uğurumuz bir yerdə yumruq kimi birləşərək güclü dövlət qurmaqdan, qüdrətli ordu yaratmaqdan keçir. Xalq Ona inanırdı, çünki öz Liderini çox yaxşı tanıyırdı, ona görə də dara düşəndə Xilaskar kimi Onu çağırdı, o gəldi, dövləti dağılmaqdan, milləti məhv olmaqdan qorudu, məmləkətin özü kimi tikə- parça olmuş ümidlərimizi bir yerə yığdı, məlhəm qoydu, sarıdı, sağaltdı. Eynən mahir bağbanın qasırğadan qəddi sınmış fidan tingini sarıyıb təzədən bitişdirib böyüdən kimi böyütdü milləti Böyük Xilaskar. Sonra tamamlayıb başa çatdıra bilmədiyi işləri özü kimi inandığı varisinə- cənab İlham Əliyevə həvalə etdi. Cənab Prezident İlham Əliyev 2003-cü ildə Prezident kimi ilk andiçmə mərasimində bütün dünyaya bəyan etdi ki, bizim yolumuz Heydər Əliyev yoludur! Bu yol bizi işıqlı, xoşbəxt, firavan günlərə aparacaq. 18 ildir cənab Prezidentin müəyyən etdiyi kursla uğura doğru, işığa doğru, haqqa doğru gedirik. Bu yolda qarşımıza nələr çıxmadı, hansı maneələri dəf etmədik, hansı aysberqləri adlamadıq? Biz bütün maneələri adlayaraq bir xalq kimi daha da mətinləşdik, bütövləşdik, bərkidik, böyüdük! Biz bu illər ərzində başqa xalqların bəlkə də 100 illərlə keçə bilmədiyi yenilənmə, tərəqqi, özünüdərk, milli- psixoloji transformasiya yolu keçdik. Bizi bu yolda qətiyyətlə, mətin addımlarla inamlı qələbələrə aparan cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir dövlət qurduq, özümüzü dünyaya sübut etdik, güclü, modern ordu yaratdıq, BMT Təhlükəsizlik Şurasının iclaslarına, dünyanın ən nüfuzlu qurumu olan Qoşulmama Hərəkatına sədrlik elədik, Avroviziya mahnı müsabiqəsinin qalibi olduq, Avropa Oyunlarına, İslam Olimpiya oyunlarına, onlarla beynəlxalq iqtisadi, siyasi, humanitar tədbirlə ev sahibliyi etdik, uğur qazandıq, uğurumuzu bölüşdük.

Burada Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın böyük xidmətləri mütləq qeyd olunmalıdır. Məhz hörmətli Mehriban xanım müstəqil Azərbaycan dövlətində Birinci xanım institutunu yaratdı, formalaşdırdı və mühüm dövlətçilik atributuna çevirdi. Mehriban xanım Əliyevanın yaratdığı və rəhbərlik etdiyi Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, eləcə də ölkə hüdudlarından kənarda humanizm, xeyirxahlıq, şəfqət, sosial dəstək ünvanına çevrildi.

O qeyd edib ki, Ulu öndər Heydər Əliyev böyük uzaq görənliklə deyirdi ki, mənim görüb başa çatdırmadığım işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq: “Ulu Öndərin arzusunda olduğu, lakin başa çatdıra bilmədiyi ən birinci vəzifə isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Həmin dövrdə Ermənistan rəhbərliyinin təkəbbürlü nadanlığı, beynəlxalq güclərin iki üzlülüyü, imperialist dövlətlərin Qafqazda maraqlarının toqquşması Qarabağ məsələsinin diplomatik yolla həllinə imkan vermədi. Müharibə yolu ilə məsələnin həlli üçün qüdrətli dövlət, güclü iqtisadiyyat və qalibiyyətli ordu yaratmaq, beynəlxalq ictimaiyyətin nüfuzunu və dəstəyini qazanmaq üçün uzun zaman, məqsədyönlü fəaliyyət, dəqiq proqram, böyük siyasi iradə, gərgin zəhmət lazım idi.

Tanrı bu şərəfli missiyanı Ali Baş Komandan İlham Əliyevin qismətinə yazmışdı. Cənab İlham Əliyev öz xalqı ilə birlikdə bu işi bacardı və müasir bütöv Azərbaycan dövlətinin qurucusu, torpaqları işğaldan azad edən və ərazi bütövlüyünü təmin edən sərkərdə kimi öz şərəfli adını qızıl hərflərlə tarixə yazdırdı.

Yəqin ki, tədqiqatçılar Azərbaycanın 44 günlük zəfər yürüşü fenomeninin müxtəlif aspektlərini araşdıracaq, nəticələr çıxaracaq, nümunə kimi göstərəcəklər. Lakin indidən bir həqiqət gün kimi aydındır: Qələbənin uğur formulu çox sadədir: Müzəffər Komandan, Müzəffər Ordu və Müzəffər Xalq. Qələbənin uğur simvolu isə heç şübhəsiz ki, “dəmir yumruqdur”. Hansı ki, düşmənin başını ilan başı kimi əzən “dəmir yumruq”! Azərbaycanın tarixi qələbəsinin şəksiz və şəriksiz qəhrəmanı isə Cənab Ali Baş Komandan İlham Əliyevdir!

Cənab Prezident bu 44 gündə həm hərbi, həm siyasi, həm diplomatik, həm informasiya, həm təbliğat cəbhəsində mübarizə apardı, öz dövlətinin və xalqının maraqlarını ləyaqətlə qorudu və təmin etdi. Həmişə də inamlı danışdı, cəsarətli danışdı, bir dəfə də olsun təmkinini pozmadı, yüksək intellekt, dərin bilik və diplomatik peşəkarlıq nümayiş etdirdi. Azərbaycanı bir daha dünyaya tanıtdı, hər kəsə də öz yerini göstərdi.

Cənab Prezidentin qələbə müjdəli çıxışları xalqı və ordunu ruhlandırdı, inamını artırdı, birliyini möhkəmləndirdi. Heç şübhəsiz ki, Şuşanın işğaldan azad edilməsi düşmənin belini qırdı və məğlub ölkənin rəzil olmuş rəhbəri təslim aktını imzalamağa vadar oldu. “Qarabağ münaqişəsi” deyilən bir termin tarixə qovuşdu, regionda davamlı sülhün bərqərar olunması üçün münbit şərait yarandı. Ən qiymətlisi isə odur ki, üç böyük rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan işğaldan azad olundu. Bu tarixdə nadir hallarda rast gəlinən hərbi-siyasi qələbədir! İndi artıq bölgədə yeni dönəm başlayıb. Bu reallığı Azərbaycan – ölkəmizin Müzəffər Prezidenti İlham Əliyev və onun Xalqı yaratdı”.

Direktor bildirib ki, Prezident İlham Əliyev həm qayğıkeş dövlət başçısı, həm də qayğıkeş ailə başçısıdır. Sevimli atadır, Möhtəşəm babadır.

Dilarə Cəbrayılova Azərbaycanın Müzəffər Prezidenti İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib: “Hər bir Azərbaycan gəncinə örnək ola biləcək olduqca zəngin və mənalı bir həyat yolu keçən cənab Prezident İlham Əliyevi ad günü münasibətilə ürəkdən təbrik edir, Ona can sağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayıram. Nə xoşbəxtik ki, xalqımızın qəhrəman oğlu, Müzəffər Ali Baş Komandanı, uzaqgörən Prezidenti, qalib sərkərdəsi var!”.SİA