İlham İsmixanoğlu. Şeirlərbackend

Divar saatı haqqında ballada

Anam, bu saat daş salır
hər gün daşımın üstdən.
Bu başımla oynayanı
asma başımın üstdən.

Neçə ömürlər dolanır
dövrəsinə saatın.
Görən neçə adam düşür
övnəsinə saatın?

Bu saatı çox qudurtduq –
olduq, öldük təbiynən.
Ömrümüzü hədələyir
hələ də əqrəbiynən.

Səsi, küyü – çıkhaçıkı
ömrü boyaboy tutur.
Günümüzə sinə döymür,
ömrümüzə toy tutur.

İlişdirib əqrəbinə
göz yaşımı aparır.
Bu çıkhaçık həm ömrümü,
həm başımı aparır.

Yolma saçlarını, ruhum inciyər

Yolma saçlarını, ruhum inciyər,
gətir əllərimlə darıyım, ölüm.
Min şeytan başına papaq tikmişəm,
bir mələk işinə yarıyım, ölüm.

Ürəyim qurumaz sevgi quyusu…
“Allah” adlandırdım eşqin çoxusun.
Bir az Allahın da hirsi soyusun –
bir az acı-acı zarıyım olüm.

Qəlbin – qəbir yerim, gözün – tabutum…
Götür, bu sövdəyə içək bir udum.
Bəsdir gözlərinin yaşıynan yudun,
di as kirpiyndən quruyum ölüm!

Dərd çəkmək bundan asan ki…

Dünyanın ən yüngül dərdi
ağır düşür ürəyimə.
Bir dərdi min yol çəkirəm,
yağır düşür ürəyimə.

Tutmadım dünyanın çəmin…
Eşqim həmin, ruhum həmin
dünyanın dərdin-ələmin
yığır, düşür ürəyimə.

Dərd çəkmək bundan asan ki…
Bir get-gəl yoludur sanki,
o qədər tapdayırsan ki
cığır düşür ürəyimə.

Vallah, bu dərd bu ürəknən…

Söndürən sudu alovu?..
Su gəldi yudu alovu.
Dünyanın odu-alovu
gözümün suyundan çıxır.

Bərkiyiblər çəkişməknən,
and içiblər duz-çörəknən.
Vallah, bu dərd bu ürəknən
gündə yüz oyundan çıxır.

İlham döndü güldüyün dərd –
taleyindən sildiyin dərd.
Özün boyda bildiyin dərd
boy atıb boyundan çıxır.

Sarı gəlin

Saçın ucun hördülər.
Gülü sulu dərdilər.
Səni kimə verdilər,
Sarı gəlin?

Bu da bir doğum günü;
Böyüdün, yaşın artdı.
İşə bax, böyüdükcə
başında daşın artdı,
Sarı gəlin.

Böyü! Böyü, qoy ömrün
uca yaşından aşsın.
Bu sevgi bol deyilsə,
əyil başından aşsın,
Sarı gəlin!

Əlini sel aparar,
gözümü silmə mənim.
Qatil ola bilmərəm,
dərdimdən ölmə mənim,
Sarı gəlin!

Mən də onun bəndəsiyəm

…Qulağıma dəyən bu səs
ilahi bir səs idi.
Küləklərlə axıb gələn
Tanrının nəfəsiydi.

Yoxsa sən idin danışan,
bu nə günah, sevdiyim.
Səndən də çox sevdiyim var –
Allah! Allah, sevdiyim.

Nə sevgi var – Allahındır!
Sevgilər Allahınsa…
Sənə də bəxş eyləyibdir,
Allaha nə yaxınsan…

Bir sevgi pay almaq üçün
yalvarır Yer Allaha.
Mən də onun bəndəsiyəm,
tanışlıq ver Allaha.

Allahı kövrəltmə bu gecə vaxtı

Niyə ağlayırsan, ay ömrüm-günüm,
nədir qəlbindəki bu qorxu belə?
Yoxsa səadətin yuxu kimidir,
səni qorxudurmu bu yuxu belə?

Allah bəxş eyləyib bizə bu eşqi,
Allah həmin Allah, baxt həmin baxtdı.
Ayrılıq nə gəzir, ölüm nə gəzir,
Allahı kövrəltmə bu gecə vaxtı.

Axı məni səndən kim ayırar, kim!?
Gözünün suyu da aradan ötməz.
Bəsdir məni qoydun dəli yerinə,
ölümdən qayıdan ölümə getməz.

Ölüm nə karədir yaxına gəlsin,
ürəyim sevgimin sıxlığındadır.
Eşqinin yoxluğu yoxdursa qorxma,
Ölümüm eşqinin yoxluğundadır.

Səni çox uca tutmuşam

Qəlbimin aynası – eşqim,
ölümün laylası – eşqim…
Eşqimin dəryası – eşqim,
eşqimin buxarı – dərdim.

Bilə-bilə əritdiyim…
…gülə-gülə əritdiyim…
Gilə-gilə əritdyim
ömrümün çıxarı – dərdim.

Dişimi qıca tutmuşam,
ömrü uc-uca tutmuşam…
Səni çox uca tutmuşam,
başımdan yuxarı dərdim!

Bu dümağ taleyin dadı qar dadı…

Hanı çəpər basan, daş dələn eşqin,
gəlib ürəyimin daşına dəysin.
Əlimdən tutmağa uzanan əlin
uzanıb gözümün yaşına dəysin.

Bu dümağ taleyin dadı qar dadı…
Bir könül çırpınır, intizardadı.
O ölüm gətirən külək hardadı,
köksümün çırpınan tuşuna dəysin.

Yoxsa “xəstə düşüb” ölməyən sevgi!?
Bir addım yaxına gəlməyən sevgi.
Qürura güc gələ bilməyən sevgi
Sevgi sahibinin başına dəysin.

Çoxunu kişi sanmışam

Adam var, pulu-parası
Çıxar şeşə qulağından…
Gözü gördüyündən çəkər,
Tamah dişi qulağından.

Böhtanı dildən çıxarar;
Həyanı eldən çıxarar.
Pis işi əldən çıxarar,
Yaxşı işi qulağından.

Mən nə qədər naşıymışam,
Tanıdıqca mat qalmışam.
Çoxunu kişi sanmışam,
Uzaq kişi qulağından.

———————————————–

Tanıtım:

1981-ci ildə Ağdam rayonunun Qalayçılar kəndində anadan olub. Bərdə şəhərində yaşayır. İxtisasca filoloqdur, Ağdam rayon 146 saylı köçkün orta məktəbində müəllim işləyir. 1998-ci ildən ara-sıra dövrü mətbuatda çap olunur.