İnternat məktəblərində “kar”, “yetim”, “qüsurlu” kimi ləyaqət alçaldan sözlərdən istifadə edildiyi aşkarlanıbbackend

İl ərzində uşaqların saxlanıldığı 47 müəssisə üzrə planlı və plandankənar 64, o cümlədən təkrar 17 başçəkmə həyata keçirilib, 183 uşaqla fərdi və qrup şəklində görüş keçirilib.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Sənəddə bildirilib ki, başçəkmələr zamanı müxtəlif müəssisələrdə bir sıra sistematik çatışmazlıqların olduğu müəyyən edilib. Belə ki, sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı müxtəlif tipli internat məktəblərində xüsusi təhsilə aid dövlət standartlarının, təhsil proqramlarının (kurikulum), bəzi internat məktəblərinin ibtidai sinif dərslikləri istisna olmaqla dərs vəsaitlərinin, valideynlər və müəllimlər üçün metodiki vəsaitlərin demək olar ki, mövcud olmadığı, bəzi xüsusi internat məktəblərində peşə hazırlığının təşkili üçün müvafiq tədris-maddi bazanın olmadığı, peşə öyrədilən xüsusi təhsil müəssisələrinin məzunlarına müvafiq təhsil sənədi ilə yanaşı, dərəcə göstərməklə peşə təhsili barədə şəhadətnamənin verilmədiyi, bununla yanaşı, xüsusi peşə təhsili üzrə dövlət standartlarının və təhsil proqramlarının olmadığı, habelə uşaqlarla keçirilən görüşlər zamanı bəzi internat məktəblərində uşaqlara qarşı və uşaqlararası müxtəlif növ zorakılıq hallarının baş verdiyi müəyyən edilib.

Bəzi hallarda müəssisənin adının və təyinatının dəyişdirilməsinə baxmayaraq bunun sənədlərdə təsbit olunmadığı, nizamnamələrdə “kar”, “yetim”, “qüsurlu” və digər buna bənzər insan ləyaqətini alçaldan sözlərdən istifadə edildiyi, sağlamlıq imkanları məhdud uşaqların gecələdiyi bəzi yataqxanalarda gecə növbəsində ixtisaslı kadrların olmaması səbəbilə dərmanların müvafiq bilik və bacarıqları olmayan əməkdaşlar tərəfindən verildiyi, zəruri tibbi preparatların çatışmazlığı və həkim ştatlarının vakant olduğu, yararlılıq müddəti bitmiş dərmanların istifadədən çıxarılmadığı, tibbi kartların doldurulmadığı müəyyən edilmiş, içməli su təminatında çatışmazlıqların, həmçinin bir sıra internat məktəblərinin əsaslı təmirə ehtiyacının olduğu və oradakı şəraitin normativlərə uyğun gəlmədiyi aşkar edilib.