İnternet provoyderləri  tariflərə yenidən nəzər sala  bilərlər – Təklif səsləndibackend
Yeni “Covid 19” pandemiyasının Azərbaycanda yayılmasının qarşısının  alınması istiqamətində dövlətimiz tərəfindən vaxtında və düzgün addımlar atılıb.
Verilən  qərarla virus təhlükəsindən əhalini qorumaq üçün müəyyən  qadağalar tətbiq olundu. Eyni zamanda məktəblər və bir sıra iş yerlərində xidmət dayandırıldı.
Koronavirusla bağlı ölkədə karantin rejimi elan olunduğundan  insanlar  hər dəqiqə internetə girib son məlumatları əldə edirlər.  Məktəblərdə dərslər dayandırıldığına görə də, şagirdlər və tələbələr  təhsil xidmətlərini internet üzərindən almağa çalışırlar. Evlərdə, təhsil alanların əllərində olan smartfonlarda internet trafikinə ehtiyac artıb. İndi şagirdlər, evdəkilər daha böyük pul xərcləməyə məcburdurlar.
Əslində  internet vasitəsilə dərslərin keçirilməsi müsbət haldır. Amma ortaya bir sual çıxır:  hamının interneti varmı?İnternetin çəkilməsi və qiyməti baha olduğundan bəzi ailələr limitli internet paketlərdən faydalanırlar. Bu isə internet vasitəsilə dərslərin keçirilməsi üçün heç də əlverişli deyil.
Bu səbəbdən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov koronavirus təhlükəsi ilə əlaqədar internet tariflərində müəyyən güzəştlər olunmasını təklif edib:
“Koronavirus pandemiyası səbəbindən təhsil müəssisələri  bir müddətdir fəaliyyətini dayandırıb. Bir sıra müəssisələr dərsləri müxtəlif metodlardan istifadə edərək internet vasitəsilə təşkil edirlər. Bu səbəblərdən internetə tələbat daha da artıb. Nəzərə alaq ki, bəzən bir evdə bir neçə şagird və ya tələbə olur və hər ailənin də bu ehtiyacı ödəmək üçün həmişə imkanı olmur. Amma bu sahə özəl olduğundan dövlətin müdaxilə imkanları məhduddur. Hesab edirəm ki,  internet provoyderləri məsələnin aktuallığını və yaranmış zərurəti nəzərə alaraq, tariflərə yenidən nəzər sala və  müəyyən kampaniyalar təşkil edə bilərlər. Söhbət müəyyən dövrdən gedir. Təhsil və təlim prosesinin dayanmaması və davamlı olması üçün hamımız bütün imkanlarımızı səfərbər etməliyik”.