İpək Yolu layihəsində Azərbaycan  Çinin ən önəmli tərəfdaşlarındandırbackend

Qlobal iqtisadi sferada Çin ilə olan münasibətlər ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, Çin dünyanın ən böyük ixracatçı ölkəsi və İpək Yolu layihəsinin təşəbbüskarı kimi, ölkəmizin qloballaşan iqtisadiyyata inteqrasiyasını sürətləndirəcək və rolunu artıracaqdır. Azərbaycan və Çin arasında xarici ticarət dövriyyəsinə son 5 il üzrə nəzər salsaq iki ölkənin iqtisadi əməkdaşlığının dayanıqlı şəkildə inkişaf etdiyini görə bilərik. 2015-ci ildə bu göstərici üzrə rəqəm 565 milyon ABŞ dolları olduğu halda, 2020-ci ildə bu rəqəm 1.8 milyarda kimi yüksəlmişdir.

Azərbaycan-Çin münasibətlərinin konstruktiv inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzində olmuşdur. İkisi rəsmi, üçü beynəlxalq forumlar olmaqla ümumilikdə Prezident İlham Əliyev Çinə 5 dəfə səfər etmiş, bu görüşlərdə siyasət, ticarət, investisiya qoyuluşları üzrə çoxsaylı müqavilələr imzalanmışdır.

Qeyd edim ki, 2019-cu ilin aprel ayında Pekində keçirilən ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu Çinin tarixi İpək Yolu üzərində yerləşən ölkələr daxil olmaqla digər ölkələrlə siyasi-iqtisadi əməkdaşlığı genişləndirmək üçün müvafiq infrastrukturun qurulmasına yönəldilib. Xüsusilə xatırladım ki, Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanın dövlət başçısının bu foruma dəvət edilməsi Çinin İpək Yolu layihəsinin icrasında ölkəmizə vacib strateji tərəf kimi yanaşması və iqtisadi münasibətləri daha da dərinləşdirmək niyyətindən irəli gəlir. “Bir kəmər, bir yol” strategiyasının ölkəmiz üçün böyük imkanlar yaradacağını və birgə əməkdaşlıq şəraitində dayanıqlı inkişafı sürətləndirəcəyini düzgün qiymətləndirən Prezident İlham Əliyev, bu layihəyə ilk andan etibarən dəstəyini göstərmişdir. Dövlətimizin başçısı ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunun dövlət başçıları səviyyəsində “Daha parlaq birgə gələcəyin qurulması” mövzusunda çıxış edərkən ölkəmizin layihəyə verdiyi dəstəyi ifadə edərək deyib: “Azərbaycan lap əvvəldən Prezident Si Cinpin tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyib. Bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir. O, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.”

Çin Xalq Respublikasının sədri Si Cinpin forum zamanı “Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Siz həm də “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirənlərdən və bu işdə fəal iştirak edənlərdən birisiniz. Sizin ölkəniz böyük İpək yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır. Bizim əməkdaşlığımızın artıq bir sıra nəticələri var və bu əməkdaşlıq xalqlarımıza real fayda verir. Sizinlə birlikdə ortaq səylərimizlə “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazıram” fikirləri, Çinin ölkəmizlə münasibətlərinə son dərəcə önəm verdiyini və daha da genişləndirməyə hazır olduğunu təsdiq edir.

Qeyd etdiyim beynəlxalq forum çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında müxtəlif sahələri əhatə edən ümumi dəyəri 821 milyon ABŞ dolları olan 10 sənəd imzalanmışdır. Bunlara Sumqayıt Kimya Sənaye Parkında təkər zavodunun tikintisi, Kürdəmirdə 300 hektar ərazidə müasir istixana kompleksinin salınması, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılması, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca Azərbaycan üzərindən Bakıya və digər ölkələrə tranzit olaraq 2500 konteynerin daşınması daxildir.

Amin Tağıyev

Qərbi Azərbaycan İcmasının

iqtisadi məsələlər üzrə eksperti