“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə bu gündən Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə “Sərhədsiz teatr” III Şəki Beynəlxalq teatr festivalı keçirilir. Festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr edilib.
Festival çərçivəsində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı mayın 13-də Xırdalan şəhərindəki Mədəniyyət Mərkəzində görkəmli dramaturq Cəfər Cabbarlının “Vəfalı Səriyyə” tamaşası ilə çıxış edəcək.
“Yenigundem”-e bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib. O bildirib ki, tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissor və musiqi tərtibatı Tural Xəlilzadə, rəssamı Vahid Mürsəliyevdir.
Səhnədə rolları Əməkdar artistlər Vaqif Kərimov, Rəşid Rzayev, aktyorlar Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Ruhiyyə Eyvazova, Müdvər Nemətova, Rövşən Cəfərov, Natiq Həziyev, Ceyhun Əliyev, Məmməd Zeynalov, Tural Xəlilzadə və Bəhruz Hikmətoğlu ifa edəcəklər.
Əsər ailə-məişət mövzusundadır. Burada bir-birinə səmimi hisslər bəsləyən Səriyyə ilə “student” Rüstəmin məhəbbəti ön planda təsvir olunur. Səriyyənin anası Çimnaz onu qardaşı oğlu qoçu Qurbana ərə vermək istəyir. Dayısı Həmzə də Səriyyənin anası ilə həmfikirdir. Müəllif bu əsərində cəmiyyətdəki ədalətsizlikdən bəhs edir, gördüyü haqsızlıqlara qəzəb və nifrətini bildirir. Əsərdə burjua-mülkədar cəmiyyətində hökm sürən nadanlığın, cəhalətin və avamlığın bir-birini təmiz məhəbbətlə sevən gənclərin həyatlarına böyük maneə olduğu göstərilir. Mühafizəkarlığın qulu olan insanlar gənclərin məhəbbətinin qarşısını ala bilmir və sonda onlar bir-birinə qovuşurlar.
Qeyd edək ki, mayın 19-dək davam edəcək festivalda ölkəmizlə yanaşı, İran, Gürcüstan, Meksika, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivlərinin iştirakı nəzərdə tutulur.
Festival iki istiqamət üzrə – milli və beynəlxalq mərhələdə keçiriləcək. Milli proqram çərçivəsində Azərbaycanın 19 teatr kollektivi mayın 12-dən 18-dək respublikanın müxtəlif bölgələrində tamaşalar nümayiş etdirəcək.