İsa Həbibbəyli: “Bu siyasəti daha qəddar şəkildə icra ediblər”backend

“Qərbi Azərbaycanda yer adlarının dəyişdirilməsi, izlərinin silinməsi Ermənistan SSR-nin dövlət siyasəti olub və müstəqil dövrdə Ermənistan rəhbərliyi bu siyasəti daha qəddar şəkildə icra ediblər”.

“Yeni Gundem” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Rəyasət Heyətinin iclasında bildirib.

İ.Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlər dövlət qurumları, o cümlədən AMEA-nın qarşısında da bir sıra vəzifələri, tapşırıq və tövsiyələri ehtiva edir.

Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı fikirlərini AMEA alimlərinin tam dəstəklədiyini söyləyən akademik İsa Həbibbəyli bu sənədin dövlət başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçiriləcək ikinci Böyük Qayıdış Proqramı olacağını bildirib: “Böyük Qayıdış işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərini, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası isə müstəqil Azərbaycan Respublikasının strategiyasını əks etdirir”.

Həmçinin qeyd edib ki, konsepsiyanın ana müddəaları – sülhsevər olması və beynəlxalq hüquqa tam cavab verməsi dövlət başçısının nitqində dəqiq və aydın şəkildə ifadə olunub: “Konsepsiyanın sülhsevər və beynəlxalq hüquq normalarına uyğun gəlməsi bizim istiqamətlərimizi müəyyən edir. Ermənilər Qərbi Azərbaycanda bizə məxsus maddi-mədəniyyət abidələrini, qəbirləri, kəndlərimizi dağıdıb, yer adlarını dəyişib, özlərinə xas saxtakarlıqla azərbaycanlıların izlərini itirməyə cəhd ediblər və bütün bunların bərpasına elmin dəstəyi lazımdır. Təkcə Yasin Azərtürkün müəllifi olduğu “Azərbaycanın tarixi ərazilərindəki yaşayış məntəqələri adlarının erməniləşdirilməsi” adlı kitabda Qərbi Azərbaycanda Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə saxtalaşdırılan bizə məxsus 738 yer adının siyahısı əksini tapıb. Qərbi Azərbaycanda yer adlarının dəyişdirilməsi, izlərinin silinməsi Ermənistan SSR-nin dövlət siyasəti olub və müstəqil dövrdə Ermənistan rəhbərliyi bu siyasəti daha qəddar şəkildə icra ediblər. Biz bu sənədlərin hamısını əldə etməliyik”.