İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görürbackend

“1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli Sərəncamında qeyd edilir ki, erməni millətçiləri tərəfindən tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi məqsədi ilə on minlərlə azərbaycanlı məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.

Azərbaycan bəşər sivilizasiyasının meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri də göstərib ki, bu yerlərdə yaşamış insanlar tarix boyu çoxsaylı abidələr yaradıb. Dünya və Şərq memarlığının ən gözəl incilərindən olan bu abidələrin  əksəriyyəti bu günə kimi qorunub saxlanılır.  Azərbaycan dövləti öz daxili siyasətində bütün abidələrin, tarixi irs örnəklərinin qorunması və mühafizəsi istiqamətində ən yüksək səviyyədə tədbirlər həyata keçirir. Təəssüf ki, bu işləri ölkəmizin bütün ərazilərində aparmaq mümkün deyildi.

Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb. Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilib.

İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib.

5000Q yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və Xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları da dağıdılmış və talan olunmuş, müqəddəs məbəd və məscidlər təhqir edilmiş, kitabxanalar yandırılmış, misilsiz əlyazma nümunələri məhv edilmişdir.

Bu dəhşətli faktları nəzərə alaraq, mədəni hüquqların və bütövlükdə mədəni irsin qorunması ölkəmizdə xüsusi əhəmiyyət kəsb edən sahələrdəndir.

Milli qanunvericiliyə gəldikdə isə, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vətəndaşların vəzifələrinin sırasında tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı müddəaların olması, “Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur” ifadəsinin öz əksini tapması mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, xalqın milli sərvəti olan tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və onlardan istifadə ilə bağlı münasibətlərin tənzimlənməsi hər bir dövlətin, o cümlədən beynəlxalq təşkilatların diqqət mərkəzində olan məsələlərdəndir.

Dünya birliyi də Ermənistanın hikkələrinə, işğalçılıq siyasətinə son qoyulduğunun şahididir. 2020-ci il noyabrın 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları üçtərəfli bəyanat da bunu təsdiqlədi.

Qarabağda beynəlxalq tədbirlər keçirilənə qədər dünyanın aparıcı kütləvi informasiya vasitələrinin, QHT nümayəndələrinin, siyasi partiya sədrlərinin, həmçinin ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus əməkdaşlarının, o cümlədən respublikamıza rəsmi səfərlərə gələn dövlət və hökumət nümayəndələrinin Şuşaya, həmçinin işğaldan azad edilmiş digər ərazilərimizə səfərləri erməni vandalizmi haqqında tam təəssürat yaradırdı. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildikdən sonra işğaldan azad edilmiş rayonlara gələn əcnəbi qonaqların sayı daha da çoxaldı.

Sayca 9-cu dəfə keçirilən Qlobal Bakı Forumunun iştirakçılarının Qarabağ iqtisadi rayonuna – Füzuli və Şuşa şəhərlərinə səfərləri rəmzi məna daşıyırdı.Forum bitdikdən sonra iştirakçılar Şuşa Şəhər İcra Hakimiyyətinin qarşısında saxlanılan güllələnmiş heykəllər, tarixi mədəni abidələr və ərazidə aparılan yenidənqurma işləri ilə də tanış olmuşdular.

Əfsanə Allahverdiyeva

Nəsimi rayon sakini, ziyalı