İşğalın nəticəsində on min kvadra kilometrdən çox ərazi tamamilə məhv edilibbackend

Ermənistanın Azərbaycana işğalı nəticəsində on min kvadratkilometrdən çox ərazi tamamilə məhv edilib. Bu ərazi bəzi ölkələrin ərazisinə bərabərdir. Hər bir şey yerlə-yeksan edilmiş, dağıdılmışdır – şəhərlər, kəndlər, binalar, tarixi abidələr, hətta əcdadlarımızın qəbirləri. İşğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən tamamilə dağıdılmışdır. Bu isə terrorçu Ermənistan dövlətinin islamofob mahiyyətinin təzahürüdür.

Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı  prezident İlham Əliyev bu xüsusda maraqlı məqamlara diqqət çəkərək bildirirb ki, iki il əvvəl Azərbaycan ermənistanla münaqişəyə son qoyub: “Biz bunu öz gücümüzlə etdik. Biz BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə etdik və ərazilərimizi güc yolu ilə azad etdik. Biz Ermənistanı məğlub etdik.

Bəli Azərbaycan xalqı “dəmir yumruq” əməliyyatı ilə torpaqlarını işğaldan azad etdi. Xalqımız Vətənin müdafiəsi və torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda birliyini, gücünü bütün dünyaya nümayiş etdirdi. Azərbaycan torpaqlarını qarış-qarış, kənd-kənd işğaldan azad etdi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı.

Düşmən torpaqlarımızı işğal altında saxladığı illər ərzində boş dayanmamış, əraziləri darmadağın etmiş və minalar basdırmışdır.

30 il ərzində Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan ermənilər bu ərazilərdə külli miqdarda mina basdırıblar. Qarabağı və Şərqi Zəngəzuru başdan-başa mina tarlasına çevirən terrorçular basdırdıqları piyada və tank əleyhinə olan bu partlayıcı qurğular sayəsində dinc əhaliyə, texnikaya, əraziyə mümkün qədər çox ziyan vurmaq məqsədi güdüblər.

10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatdan sonra Ermənistan tərəfindən Azərbaycanın işğaldan azad olunan ərazilərinə döşənmiş minaların partlaması nəticəsində xeyli sayda vətəndaşımız həlak olub, ciddi xəsarət alıb. Onların arasında KİV nümayəndələri də var.

Hazırda Azərbaycan dövlətinin qarşısında duran əsas problemlərdən biri işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsidir. Ölkəmiz bu istiqamətdə bütün potensialından istifadə edərək həmin yerləri tez bir zamanda mina təhlükəsindən qurtarmaq istəyir. Amma bu elə də asan məsələ deyil, çünki belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir.

Mahmudov Rizvan Kamil oğlu

 Azərbaycan Dövlət Pedaqoji Universiteti