İslam maliyyəsinə dair dərs vəsaitinin təqdimatı keçirilibbackend

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin(İİTKM) birgə hazırladığı “İslam maliyyə sistemi və onun Azərbaycandakı perspektivləri” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

dbirİlahiyyat İnstitutunun rektoru Aqil ŞirinovİİTKM ilə əməkdaşlığın əhəmiyyətindən, eləcə də bu əməkdaşlığın nəticəsi kimi ortaya çıxan dərs vəsaitinin islam maliyyəsi ilə bağlı məlumatlılığın təmin edilməsindəki rolundan danışıb. Qeyd edib ki, paralel olaraq müvafiq Tədris Proqramı da hazırlanıb və çap edilib ki, bu da dərs vəsaitinin praktiki əhəmiyyətini daha da artırır.

İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlı islam maliyyəsinə aid kitabın yazılmasının günümüzün reallığından irəli gələn bir zərurət olduğunu vurğulayıb. O bildirib ki, qlobal biznes trendlərinə cavab verən islam maliyyə sistemi pulun islam prinsipləri əsasında idarə edilməsidir. “İslam maliyyəsi iqtisadiyyatın klassik müşküllərindən biri – ədalət, səmərəlilik və azadlıq arasında çözümün yolunu göstərən həllərdəndir. Maraqlıdır ki, islam maliyyə sektoru Cənub-Cənub, Şimal-Cənub və Üçbucaq əməkdaşlıq formatları daxilində qlobal trendlərə adaptasiya olunur və resursların, bilik və təcrübənin ədalətli bölgüsünü təşviq edir”,- deyə V.Qasımlı qeyd edib. İİTKM rəhbəri onu da vurğulayıb ki, islam maliyyəsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə həmahənglik təşkil etməklə, ESG (ətraf mühit, sosial və idarəetmə) çərçivəsində sosial məsuliyyəti təlqin edir, yaşıl və davamlı məhsullara, xüsusilə də yaşıl sukuka marağı artırır: “İqlim dəyişikliyinin gətirdiyi maddi riskləri nəzərə alaraq islam maliyyə sektoru iqlim liderliyi, strateji iqlim idarəçiliyi, iqlimlə bağlı əməliyyat inteqrasiyası, performansın ölçülməsi və hesabatlılıq, iqlim davamlılığı üzrə əməkdaşlıq və mübadilə kimi prinsiplərə söykənir”.

Təqdimatda çıxış edənlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, millət vəkili Ceyhun Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Türk iqtisadiyyatı fakültəsinin dekanı Mehmet Yuce, “İslam maliyyə sistemi və onun Azərbaycandakı perspektivləri” adlı dərs vəsaitinin həmmüəllifi, İqtisadi resursların öyrənilməsi ictimai birliyinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev çıxış edərək kitabın əhəmiyyətindən danışıblar.

Dərs vəsaitinin ön sözü İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin baş direktoru Zəhra Zümrüd, giriş hissəsini İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlı yazıb. Kitabın elmi redaktorları Aİİ-nin rektoru, dosent Aqil Şirinov və kafedra müdiri, dosent Əhməd Niyazov, rəyçiləri isə UNEC İslam Maliyyə Mərkəzinin rəhbəri, professor Zahid Məmmədov və Bakı Dövlət Universitetinin professoru Sərvər Abbasovdur. Vəsait Aİİ-nin Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunub.

Kitabda islam iqtisadiyyatı, islam maliyyə sistemi, bu sistemin elementləri və səciyyəvi xüsusiyyətləri kimi məsələlərə aydınlıq gətirilib. Müəlliflər islam iqtisadiyyatının nəzəri olaraq mahiyyətini və prinsiplərini izah edib, islam iqtisadiyyatına və islam maliyyəsinə aid olan “zəkat”, “infaq”, “qərzi-həsən”, “kəffarə” və digər anlayışların sosial-iqtisadi aspektlərini aydınlaşdırıblar.