İsrail ağ fosfor bombası ilə Livana hücum etdibackend

Qəzzada dinc əhaliyə qarşı hücumlarını davam etdirən İsrail ordusu Livanın cənub bölgələrini hədəfə alıb.

“Yeni Gundem” xəbər verir ki, İsrailin Livana ağ fosfor bombaları və ağır artilleriya atəşi ilə hücumlar təşkil etdiyi açıqlanıb.

Livanın rəsmi agentliyi NNA tərəfindən yayımlanan xəbərdə İsrail ordusu Livan ərazisində yerləşən sərhəddəki Əl-Hiyam düzünə çoxlu sayda ağ fosfor bombası atıb.

Fosfor bombası səbəbiylə düzənliyə bir müddət “ağ duman” yayılsa da, ağ fosfor uzun müddət havada qalıb. İsrail həmçinin Kefr Kella və Burj əl-Mülk şəhərlərinin ətrafını və Hamamis təpələrini ağır artilleriya atəşi ilə vurub.

Hizbullah bəyanatında İsrail tərəfindəki Metula yaşayış məntəqəsinə idarə olunan raketlə hücum etdiyini açıqlayıb. Sərhəddən İsrail ordusu ilə Hizbullah arasında toqquşma səsləri gəlməkdə davam edir.

Beynəlxalq Amnistiya Təşkilatı əvvəlki bəyanatında İsrailin Livanın sərhəd bölgələrinə ağ fosfor bombaları ilə hücumlar təşkil etdiyini bildirmişdi. Livanın Kənd Təsərrüfatı Naziri Abbas Hacı Həsən noyabrın 2-də verdiyi açıqlamada İsrailin fosfor hücumu nəticəsində 40 min zeytun ağacının tamamilə yandığını açıqlayıb. Oktyabrın 8-dən Livanın cənubunda İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda indiyədək 63 Hizbullah üzvü və 4 İsrail əsgəri həlak olub.

Mənbə: TGRT

Aynur Camal