İsrail Dəməşqi vurdu… İranın hərbi müşaviri həyatını itirdibackend

İsrailin Dəməşqin cənubuna endirdiyi hava zərbəsi nəticəsində Suriyada vəzifə yerinə yetirən İran İnqilab Keşikçiləri Korpusunun hərbi müşaviri Səid Əlidadinin həlak olduğu bildirilib.

İran mətbuatında yer alan xəbərə görə, İsrail səhər saatlarında Suriyanın paytaxtı Dəməşqin cənubuna hava hücumu həyata keçirib. Hücum nəticəsində İran İnqilab Keşikçiləri Ordusunun iranlı hərbi müşaviri Səid Əlidadinin həyatını itirdiyi bildirilib. Hələlik İran rəsmilərindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Suriyanın SANA xəbər agentliyi də İsrailin Dəməşqin cənubuna hava zərbələri endirdiyini açıqlayıb. Hərbi mənbələrə əsaslanan xəbərdə İsrail döyüş təyyarələrinin Colan təpələri üzərindən atılan raketlərlə hədəfləri vurduğu bildirilib.

İran Suriyada vətəndaş müharibəsi başlayandan bəri Suriya ərazisində heç bir hərbi bazası və ordusu olmadığını bildirsə də, Suriya ordusuna hərbi məsləhət xidmətləri göstərdiyini iddia edir. Bu səbəbdən İran İnqilab Keşikçiləri Korpusunun əsgərlərini “hərbi məsləhətçilər” kimi qələmə verir.

Digər tərəfdən, İsrailin yanvarın 29-da Dəməşqə həyata keçirdiyi son hücumda bir İran məlumat mərkəzinin hədəf alındığı və aralarında İranlı hərbçilərin də olduğu 6 nəfərin həyatını itirdiyi açıqlanıb. Yanvarın 20-də İsrailin Dəməşqi hədəf alan növbəti hücumunda İnqilab Keşikçiləri Ordusunun Suriya Qüds Qüvvələrinin zabiti də daxil olmaqla 5 iranlı həyatını itirib.

İran İnqilabı Keşikçiləri Korpusunun son aylarda İsrailin Suriyada artan hücumları səbəbindən yüksək rütbəli hərbçilərini Suriyadan çıxardığı iddia edilib.

Mənbə: hurriyyət.tr

Aynur Camal