İsrail ordusu etiraf etdi! “Əsgərləri öldürdük”backend

‘Əqsa tufanı’ əməliyyatı ilə İsraili təəccübləndirən HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadaları daha bir israillini ələ keçirdiyini açıqlayıb. Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde bildirib ki, əsir götürülən bəzi israillilər İsrail qüvvələri tərəfindən öldürülüb.

“Yeni Gundem” xəbər verir ki, İsrail ordusu bəzi əsgərlərinin səhvən vurulduğunu etiraf edib.

Əbu Ubeyde Qəssamın silahlı qüvvələrinin Qəzza zolağının cənubundakı Sofo bölgəsində yerləşdiyini və onların İsrail qüvvələri ilə qarşıdurmalarının hələ də davam etdiyini bildirib.

İsrailin rəsmi xəbər agentliyi KAN-ın ordu sözçüsünə əsaslanaraq verdiyi xəbərə görə, Cəlil Qarbi yaxınlığındakı yəhudi yaşayış məntəqəsində xidmət edən İsrail qüvvələri nəzarət-buraxılış məntəqəsinə sürətlə yaxınlaşan avtomobilə atəş açıb. Sonradan məlum olub ki, hərbi maşının içərisində olan şəxslər İsrail ordusunun əsgərləridir.

Yüngül yaralanan İsrail əsgərləri müalicə üçün xəstəxanaya aparılıb.

Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları ötən gün səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya hücumları nəticəsində 370 nəfərin həyatını itirdiyini, 2200 nəfərin isə yaralandığını açıqlayıb.

İşğal altındakı İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində İsrail əsgərlərinin açdığı atəş nəticəsində 7 fələstinli həyatını itirib.

İsrail mətbuatında HƏMAS-ın silahlı qanadının başlatdığı hücumlarda indiyədək 700 israillinin öldüyü, ölkə daxilində yaralananların sayının isə 2 mini keçdiyi açıqlanıb.

Fələstin Səhiyyə Nazirliyi İsrailin həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayının 413-ə, yaralı sayının isə 2243-ə yüksəldiyini açıqlayıb.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal