İsrail Qəzzanı bombalamağa davam edirbackend

İsrailin blokada altındakı Qəzza zolağına hücumları davam edir. İsrail təyyarələrinin hava zərbələri nəticəsində azı 110 nəfər ölüb, onlarla insan yaralanıb.HƏMAS-ın hücumlarını bəhanə edən İsrail Qəzza zolağında mülki əhalinin üzərinə bomba yağdırır.

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, günahsız dinc insanları qətlə yetirən İsrail hər gün yeni qırğınlar əlavə edir.

Bu dəfə İsrail təyyarələri Qəzzanın Cəbəliyyə, Şeyx Rıdvan, Xan Yunis və Əş-Şati qaçqın düşərgələrini, Beyt Lahiya və Rəfahdakı mülki əhalinin evlərini hədəfə alıb.

Fələstin xəbər agentliyi WAFA-nın sağlamlıq qaynaqlarından verdiyi xəbərdə, Xan Yunusdakı hücumda aralarında uşaqların da olduğu ən az 23 nəfərin öldüyü, 45 nəfərin isə yaralandığı bildirilib. Dağıntılar altında hələ də xeyli insanın olduğu və işlərin davam etdiyi bildirilib.

Rəfah şəhərində baş verən hücumlarda isə azı 30 fələstinli həyatını itirib.

Cebaliya Beled bölgəsində də Əl-İhsan məscidi hücumlar nəticəsində tamamilə dağılıb. Dağıntılar altında çoxlu insanın olduğu, elektrik enerjisinin kəsilməsi və lazımi avadanlıqların olmaması səbəbindən mülki müdafiə qruplarının bu insanlara çatmaqda çətinlik çəkdiyi bildirilib.

WAFA-nın başqa bir xəbərində isə Şeyx Rıdvandakı hücumda Məhəmməd İmad Lebid adlı jurnalistin həyatını itirdiyi bildirilib. Beləliklə, oktyabrın 7-dən bəri öldürülən fələstinli jurnalistlərin sayı 20-yə yüksəlib.

Qəzzada yanacaq yoxdur: Xəstələr ölüm təhlükəsi ilə üz-üzədir

Digər tərəfdən bölgədəki səhiyyə mənbələrindən alınan məlumata görə, İndoneziya xəstəxanasında yanacaq bitdiyi üçün elektriklər kəsilib. Elektrik enerjisinin olmaması səbəbindən xəstələrin ölüm təhlükəsi ilə üzləşdiyi bildirilib.

Şifa Xəstəxanasının direktoru Məhəmməd Əbu Silmiyye Əl-Cəzirə kanalına verdiyi açıqlamada Qəzzaya yanacaq axını olmadığı təqdirdə böyük bir fəlakət olacağını bildirib.

“Bu, insanlığa qarşı cinayətdir”

Həmas Hərəkatı Qəzza zolağının şimalında yerləşən İndoneziya xəstəxanasında yanacağın tükənməsi nəticəsində elektrik enerjisinin kəsilməsinin insanlığa qarşı cinayət olduğunu açıqlayıb.

Quds Press xəbər agentliyinin məlumatına görə, HƏMAS Hərəkatı verdiyi yazılı açıqlamada, İsrailin 7 oktyabrdan bəri Qəzzaya qarşı davam edən hücumları səbəbiylə elektrik enerjisinin kəsilməsini “Səssiz qalan və təcavüzdə iştirak edən ölkələrin alnında utanc ləkəsi” olaraq xarakterizə edib”.

İndoneziya xəstəxanasında yanacağın bitməsi səbəbindən elektrik kəsilməsini insanlığa qarşı cinayət hesab edən Həmas ərəb ölkələri, İslam dünyası və BMT-ni yanacaq tədarükü üçün çağırıb.

Yanacaq tədarükü ilə bağlı hər hansı səhlənkarlığa dair xəbərdarlıq edən Həmas, bu vəziyyətin xəstəxanalarda xəstələrin və yaralıların ölümünə səbəb olacağına diqqət çəkib.

Mənbə: EnSonHaber

Aynur Camal