İsrailda insanlar bazarlara axın etdibackend

İsrail ordusunun ən azı 72 saat ərzində kifayət qədər qida və su ehtiyatı saxlamaq barədə xəbərdarlığından sonra insanlar bazarlara axışıb.

“Yeni Gundem” xəbər verir ki, İsrail və Fələstin arasında münaqişələr davam edərkən, İsrail ordusu xalqa ən azı 72 saat ərzində kifayət qədər qida və su ehtiyatı yığmaq barədə xəbərdarlıq edib.

“Münaqişələr uzun müddət davam edə bilər və hər bir ailə özünü su, qida, dərman və təcili yardım avadanlıqları ilə təmin etməsi vacibdir”, – xəbərdarlıqda deyilib.

Həmçinin xəbərdarlıqda əhalidən ən yaxın sığınacağın harada olduğunu müəyyənləşdirmələri istənilib və onlara sığınacağa gedən yolun açıq olmasına əmin olmaq tövsiyə edilib.

Ordu sözügedən xəbərdarlığın yeni olmadığını və hər zaman qüvvədə olduğunu bildirsə də, xalq xəbərdarlıqdan sonra bazarlara axışıb. Xəbərdarlıqdan sonra market rəflərinin boş olduğu, kassalarda uzun növbələrin yarandığı görülüb.

Xatırladılıb ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma başlayıb.

Qəzzada olan Fələstin Səhiyyə Nazirliyi, İsrailin Qəzzaya hücumları nəticəsində 140-ı uşaq olmaqla 687 nəfərin öldüyünü, 3726 nəfərin isə yaralandığını açıqlayıb.

İsrail Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə Qəzzadan həyata keçirilən hücumlarda ən az 900 israillinin həyatını itirdiyi, 157-si ağır olmaqla 2616 nəfərin yaralandığı bildirilib.

Mənbə: Ntv.Tr

Aynur Camal