İsrailin baş naziri məhkəmə sistemində islahatları təxirə saldığını açıqlayıbbackend

İsrailin baş naziri məhkəmə sistemində islahatları təxirə saldığını açıqlayıb.

“Yeni Gundem” xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu geniş konsensus əldə etmək istəyi ilə məhkəmə sistemində islahatları təxirə salıb. Bu barədə İsrail hökumətinin başçısı əhaliyə müraciətində bildirib.

Netanyahunun sözlərinə görə, o, gərginlikdən xəbərdardır və xalqı dinləyir.

“Ölkədə parçalanmanın qarşısını almaq istəyinə görə, geniş konsensusa nail olmaq üçün ikinci və üçüncü dinləmələri təxirə salmaq qərarına gəldim”, – Netanyahu bildirib.

İsrailin baş nazirinin sözlərinə görə, onun hökuməti heç vaxt vətəndaş müharibəsinə icazə verməyəcək. Eyni zamanda Netanyahu qeyd edib ki, İsrail “israillilərin milli birliyi üçün real təhlükə” olan böhranla üz-üzədir.

“Ölkə qarşısında məsuliyyətimə görə müzakirələrə vaxt ayırmaq üçün səsverməni təxirə salmaq qərarına gəldim”, – deyə İsrailin baş naziri əlavə edib.

Fərahim Rəhimov