İsrail 2 aydır Qəzzaya bombalar atarkən, fəlakətlə nəticələnə biləcək bir plan daha hazırlayıb. İsrail Qəzzada yeraltı tunelləri dəniz suyu ilə doldurmağı planlaşdırır.
“Times of Israel” qəzetinin yazdığına görə, İsrail HƏMAS-ın kilometrlərlə yeraltı tunellərini dəniz suyu ilə doldurmağı planlaşdırır.
HƏMAS-ın yeraltı şəbəkəni məhv etmək planına görə, Aralıq dənizindən götürülmüş dəniz suyu tunellərə vurulacaq və tuneldə olanlar boğularaq öləcək.
Uzun illər İsrail blokadası altında olan fələstinlilər əsas materiallara çatmaq üçün Qəzzada tunellərdən istifadə edirlər. Bu vəziyyətdən xəbərdar olan İsrail çarəni tunelləri su basmaqla tapıb. Wall Street Journal qəzetinə açıqlamalar verən ABŞ rəsmiləri, İsrail ordusunun Qəzzada Şati qaçqın düşərgəsi yaxınlığında 5 böyük su nasosu yerləşdirdiyini və tunelləri su basdırmağı hədəflədiklərini təsdiqləyib.
Times of Israel yazıb ki, İsrail HƏMAS-ın saxladığı girovları tunellərdə gizlətdiyi üçün planla bağlı qeyd-şərtlər var. ABŞ administrasiyası daxilində planla bağlı müxtəlif fikirlərin olduğu bildirilib. Xəbərə görə, planla bağlı ən böyük narahatlıq dəniz suyunun yerə zərər verməsi və binaların uçmasına səbəb olmasıdır. Mənbə bildirib ki, HƏMAS-ın tunelləri haqqında ətraflı məlumat olmadığı üçün planın hansı nəticələr verəcəyini dəqiqləşdirmək mümkün deyil.
Digər tərəfdən Qəzzada quru əməliyyatlarını genişləndirən İsrail ordusu 800-dən çox yeraltı tunel olduğunu və bəzilərini məhv etdiklərini açıqlayıb. İsrail HƏMAS-ın tunellərinin daha çox xəstəxanalar, məktəblər və məscidlər kimi mülki ərazilərin ətrafında olduğunu iddia edir.
Xatırladaq ki, İsrail ordusu dekabrın 1-də “humanitar fasilə” başa çatdıqdan dərhal sonra Qəzza zolağına hücumlarını bərpa edib.
Mənbə: TGRT
Aynur Camal