İstiqlal ideologiyamızın üç təməl prinsipibackend

Azərbaycançılıq və dövlətçiliyimizin ideoloji bazasını, xalqın varlığını təcəssüm etdirən baza olmaqla yanaşı, özündə həm də dövlətçiliyin əsas atributlarını da əks etdirir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyasının proqramında göstərilmişdir: “Partiyamız Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, adət-ənənələrinin, milli-əxlaqi mentalitetini, dilinin, dinin qorunmasına hamı üçün ümumi Vətən hesab olunan və xalqımızın dövlətçilik hissini, dövlət rəmzini yaşadan vahid Azərbaycan dövləti ilə bağlıdır. Azərbaycan dövləti bizim milli varlığımızın, birliyimizin, dinc və firəvan həyatımızın təmin edilməsinin, hər kəsin hüquq və azadıqlarının qorunmasının yeganə, etibarlı vasitəsidir. Odur ki, partiyanın üçüncü əsas prinsipi özündə milli, mənəvi və ümumbəşəri dəyərləri əks etdirən azərbaycançılıq və vətənçilikdir.”
Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində azərbacançılığın milli ideologiya üçün baza təşkil etməsi barədə fikrini qısa, aydın, tutarlı, məntiqli və lokanik şəkildə belə ifadə edir: “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər – bunlar hamısı azurbaycançılıq anlayışının tərkib hissələridir”. M.Yusifovun qeyd etdiyi kimi, azərbaycançılıq və bu anlayışa daxil olan bütün elementlər, öz xarakterinə görə tarixi bir kateqoriyadır. Yəni azərbaycançılıqla bağlı milli-mənəvi və psixoloji keyfiyyətlər Azərbaycan cəmiyyətində həmişə aparıcı olmuşdur. Lakin bu kateqoriya müəyyən məişət problemləri səviyyəsində dərk olunmuşdur. Onun ümummilli xarakteri isə millətin özünün bütövlüyü, suverenliyi, sərbəstliyi, azadlığı şəraitində meydana çıxır. Milli azadlıq milli mənafelərin reallaşmasının münbit zəminidir. Bu mənada, Azərbaycanda müstəqil dövlət yaradıldıqdan sonra azərbaycançılıq ideyalarının ümummilli xarakteri meydana çıxmış və bu ümummilli azərbaycançılıq ideyaları özünün hərəkətverici qüvvəsi olan milli ideologiyanı formalaşdırmışdır. Azərbaycançılıq ideyaları ümummilli xarakter almadan, azadlığın yaratdığı münbit şəraitdən qidalanmadan milli ideologiya kimi formalaşmaq imkanına malik deyildir. Təbliğatçı üçün yaddaqalan başlıca arqument bu olmalıdır ki, milli ideoloji azərbaycançılıq ideyalarının hərəkətverici qüvvəsidir. Azərbaycançılığın əsas atributu olan milli bayrağımız haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın yeni üçrəngli – mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul edildi. Parlamentin ilk iclasında çıxış edən Fətəli Xan Xoyski demişdir: “Möhtərəm Azərbaycan parlamenti əzası! Bugünkü gün Azərbaycan üçün böyük, əziz mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi. Bu gün o gündür ki, muxtariyyəti əlinizə aldınız, hökumət vəkalətilə bu bayram günü sizi və sizinlə bərabər özümüzü də təbrik edirəm… Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: millətin hüququ, istiqlalı, hürriyyəti!..” Azərbaycanın müasir tarixi XX əvvəllərindən başlayaraq “yoxdan yaradılmış və millətimizin ürəyinə endirilmiş müqəddəs azadlıq rəmzinin” – üçrəngli milli bayrağımızın əbədi olaraq müqəddəsliyə yüksəldiyi aydın oldu. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı tarixi hadisələr və proseslər göstərdi ki, kommunist rejiminin hər cür təzyiqlərinə baxmayaraq, Azərbaycan xalqını, Azərbaycan gəncliyini milli azadlıq, müstəqillik, istiqlal idealları və arzuları heç vaxt tərk etməmişdir. Azərbaycan Xalq Cümhuriyyətini “milli sərvatimiz, tarximizin parlaq səhifəsi” kimi dəyərləndirən Ulu Öndər HEYDƏR ƏLİYEVİN böyük müdrikliklə dediyi kimi, “Azərbaycan Demokratik Respublikası ilk dəfə milli azadlıq, müstəqillik toxumlarını bütün Azərbaycana səpdi. Bu toxumlar uzun müddətdən sonra cücərdi, boy atdı və nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdi”. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən, tarixi ənənələrimizi yaxşı bilməyən gənc vətənpərvər olmaz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik. Ona görə də gənclərə mən nə demək istəyirəm? Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dinimizi sevməlidir, dilimizi sevməlidir, milli ənənələrimizi sevməlidir”. Ulu Öndər dövlət rəmzlərinə, hökumət hissinə böyük dəyər verir və onu azərbaycançılıq və dövlətçiliklə vəhdətdə götürürdü: “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər – bunlar hamısı azurbaycançılıq anlayışının tərkib hissələridir”. Ulu Öndərin layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev azərbaycançılıq ideyasını inkişaf etdirərək, “Bayraq meydanı” yaradılması haqqında Sərəncam vermişdir. Dövlətçiliyimizin azərbaycançılığın atributu olan üçrəngli milli bayrağımız indi Bayraq meydanında əzəmətlə dalğalanmaqdadır.

Pənahova Suma – Nəsimi rayon təhsil işçisi