İtaliya Qəzzadakı uşaqları qəbul edəcəkbackend

İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Qəzzada ölkədə xəstəxanaya ehtiyacı olan uşaqları müalicə etməyə hazır olduqlarını bildirib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə o Fransanın paytaxtı Parisdə keçirilən “Qəzzada Mülki Əhaliyə Beynəlxalq Humanitar Yardım Konfransın”da çıxışı zamanı deyib.

Tajani, “Qəzzada humanitar böhranın qarşısını almaq üçün hər vasitədən istifadə etməliyik. İtaliya üzərinə düşəni etməyə hazırdır. El Arişə humanitar yardım daşıyan iki təyyarə göndərdik. Humanitar yardım fəaliyyətimizi daha da gücləndirməyi planlaşdırırıq” deyib.

Nazir Tajani İtaliya hökumətinin bölgəyə təcili yardım otağı olan və cərrahi əməliyyatlar apara bilən hərbi gəmi göndərdiyini, şərait uyğun gəldikdə səhra xəstəxanası da göndərəcəklərini bildirib.

Həmçinin Tajani humanitar yardım fəaliyyətinin maliyyələşdirilməsi məsələsini də dəyərləndirdiklərini qeyd edib.

Bu arada Tajani bu gün İtaliyanın “Corriere della Sera” qəzetinə deyib: “İsrailin özünü müdafiə etmək hüququ var, lakin biz hamıdan və buna görə də İsraildən Qəzza xalqına kömək etmək üçün mülki insanları qorumasını və münaqişədə humanitar fasilələr verməsini xahiş edirik. Biz də xahiş edirik İsrail hökuməti İordan çayının qərb sahilindəki Fələstin ərazilərini qorusun.”

“Biz həmçinin ekstremist məskunlaşanların zorakılığına son qoyulmasını tələb edirik” deyə vurğulayıb.

Bu müharibənin bir an əvvəl bitməsini istədiklərinə diqqət çəkən Tajani, İsrailin hərbi əməliyyatlarını davam etdirəcəyi təqdirdə bunu beynəlxalq hüquqa hörmət edərək və mülki insanları qoruyaraq etməli olduğunu bildirib.

Tajani bölgə üçün “iki xalq, iki dövlət” həllindən başqa alternativin olmadığına da diqqət çəkib.

Mənbə: Ntv.Tr

Aynur Camal