Kamera yoldaşını öldürən ömürlük məhkuma daha 18 il cəza verildibackend

Kamera yoldaşını öldürməkdə ittiham olunan ömürlük məhkum Zahidikəhriz Abbasovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, ömürlük məhkuma bu cinayət işinə görə 18 il cəza verilib.

Qeyd edək ki, ömürlük həbs cəzası alan və 29 ildir məhkum həyatı yaşayan Zahidikəhriz Abbasov mübahisə zəminində eyni kamerada saxlanılan ömürlük məhkum Oleq Surxayeviç Abişevə ağır bədən xəsarətləri yetirib. Oleq Abişev bir neçə gün sonra müalicə müəssisəsində vəfat edib.

Zahidikəhriz Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Zahidikəhriz Abbasov 20 yaşında Rusiyada qətl törətdiyinə görə ömürlük məhkum edilib. O, 20 ildən sonra Azərbaycana gətirilib, Qobustanda yerləşən qapalı həbsxanaya köçürülüb.

Oleq Abişev isə anası və qardaşını döyərək öldürməkdə təqsirli bilinərək ömürlük məhkum olunub./APA