Siyəzəndə narkotik maddələr satmaq məqsədilə karantin qaydalarını pozaraq rayon ərazisində hərəkət edən şəxs saxlanılıb.
“Yeni Gündəm”-in DİN-ə istinadən məlumatına görə, rayonda “Baba” ləqəbi ilə tanınan əvvəllər məhkum olunmuş Musa Paşayev idarə etdiyi “Lada” markalı nəqliyyat vasitəsi ilə saxlanılaraq polis şöbəsinə gətirilib. Burada onun üzərinə keçirilən şəxsi axtarış zamanı satış üçün hazırlanmış ümumilikdə 15 bükümdə olan narkotik maddələr – heroin, metamfetamin və qurudulmuş marixuana, 2 ədəd bıçaq, eləcə də nəqliyyat vasitəsindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
M.Paşayev dindirilmə zamanı narkotik maddələrin ona məxsus olduğunu və rayon ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.