Səbail rayonu Bayıl qəsəbəsində bir neçə aydır inşa edilən tikilinin bitməsinə az qalmış qanunsuz olduğu üzə çıxıb. Maraqlıdır ki, aylardır aparılan böyük tikinti işini, 4 mərtəbənin qaldırılmasını, üstəlik piyada səkisinin zəbt edilməsini Səbail Rayon İcra Hakimiyyəti bu müddət ərzində görməyibmiş.
“Yeni Gundem” xəbər verir ki, 20-ci yaşayış sahəsində “Elay” şadlıq sarayına bitişik formada düz səkinin üzərində 4 mərtəbə obyekt inşa edilib. Tikilinin qanunsuz olduğunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təsdiq edib.
Komitədən bildirilib ki, 22 aprel 2024-cü il tarixində Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə (“Elay” şadlıq evinə bitişik ərazidə) ünvanında qeyri-yaşayış obyekti ətrafında özbaşına tikinti ilə bağlı heç bir müvafiq icazəverici sənədlər olmadan sözügedən ünvanda piyadaların hərəkətini məhdudlaşdıran qanunsuz olaraq aparılan tikinti faktı təsdiqlənmişdir. Şəhərsalma, memarlıq və tikinti sahələrində aşkar olunmuş pozuntuların aradan qaldırılması, mövcud qanunvericiliyin və normativ-hüquqi aktların tələblərinə uyğun tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən son 2 həftə ərzində Bakı Şəhər İcra Hakimiyyətinə məlumat verilib.
Məlumata görə, tikili ilə bağlı narazılıq edən sakinlər dəfələrlə aidiyyəti orqanlara müraciət də ediblər. Sakinlər bildirib ki, ərazidə bir neçə ağac da olub ki, tikintiyə mane olduğuna görə kəsiblər.