“Kreml Nazarbayev-Tokayev cütlüyünü niyə devirsin ki?!”backend

“Qazaxıstandakı dostlara sosial şəbəkələr üzərindən sualla müraciət etməyimə baxmayaraq, cavab ala bilmədim. Görünür, “kim üstün gələcək” sualına cavab təhlükəlidir. Mənim üçün hadisələrin içəridən necə qiymətləndirilməsi ilə bağlı rəylər vacibdir. Görünən odur ki, yanacaq qiymətlərinin qaldırılmasıyla spontan başlayan etirazlar sistemli şəkil almağa başlayıb. Etirazçıların ilk sosial tələbləri yerinə yetirilsə də, tələblər artıb və siyasiləşib. Belə olan halda vəziyyət daha da gərginləşəcək. Prezident Tokayevin iki çıxış yolu var. Birinci yol etirazlarçılarla dialoqu davam etdirməkdir. Ancaq bu halda təminat yoxdur ki, etirazçılar evlərinə dönəcəklər. Əksinə, etirazçılar hakimiyyətin onlarla hesablaşdığını görüb tələblərinin sayını artıracaqlar”.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, Prezidentin istefası, parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi tələbləri dayanacaq: “İkinci yol, etirazı ordu və polisin gücü hesabına yatırtmaqdır. Ancaq bu yol tələfata və növbəti gərginliyə qədər avtoritarizmin gücləndirilməsinə aparacaq ki, Qazaxıstan üçün bu halda nəticənin necə olacağını söyləmək çətindir. Ən çox səslənən sual budur: hazırki hadisələrin arxasında xarici qüvvələr dayanırmı? Rusiyanın adını hallandırmağa başlayıblar. Əlbəttə, Kremlin Qazaxıstanda çoxdan gözü var. Təsadüfi deyil ki, başda Kreml sahibi Vladimir Putin olmaqla rusiyalı siyasətçilərin bir qismi Qazaxıstan addında dövlətin Rusiya torpaqları üzərində qurulduğunu iddia edirlər. Ancaq Qazaxıstanı qarışdırmaq Kremlə nə verəcək? Qazaxıstanın hazırki hakimiyyəti Rusiya ilə birgə bütün ittifaqlarda yer alıb, Kremlin ideyaları əleyhinə getmir. Kreml Nazarbayev-Tokayev cütlüyünü niyə devirsin ki?!”

E.Şahinoğlu qeyd edib ki, Vaşinqtonun və Brüsselin Qazaxıstanı qarışdırmaq üçün əllərində kifayət qədər alət yoxdur: “Digər tərəfdən ABŞ və Avropa İttifaqının Qazaxıstanda xaos yaratmaqda marağı yoxdur. Çinə gəldikdə Pekinin son zamanlar Astana ilə münasibətlərdə gərginlik var idi. Çin sentyabr ayı ərzində Qazaxıstanla sərhəddə idxal-ixrac əməliyyatlarında süni gərginlik yaratmışdı. Pekin Qazaxıstanın uyğurlara isti münasibətdən narazıydı. Pekin türkdilli Qazaxıstanın türkdilli uyğulara işkəncə verməsinimi gözləyirdi?! Moskva və Pekin isə Qazaxıstandakı olaylarla əlaqəli olmasalar da, Qazaxıstanın asılı dövlət kimi idarə olunmasında maraqlıdırlar. Qazaxıstanda sabitlik pozularsa və xaos artarsa Rusiya və Çinin bu ölkəyə müdaxilə etməsi ehtimalı artacaq. Türkiyə də hadisələri kənardan izləyir. Ancaq son hadisələr Qazaxıstanı zəiflətmək, ən pis halda isə parçalamaq həddinə gətirərsə Ankara seyrçi qala bilməyəcək”.