Nərimanov Rayon Məhkəməsində “Kürd Elnur” ləqəbli kriminal avtoritet Elnur Abbasov barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə əlaqədar istintaq orqanının təqdimatına baxılıb.
“Yeni Gündəm”-in məlumatına görə, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.
Qərara əsasən, Elnur Abbasovun həbs müddəti uzadılıb.
Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik vasitələr saxlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Abbasov saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança, 4 ədəd patron, 1 ədəd daraq və 7 qramdan artıq heroin aşkar edilərək götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı Elnur Abbasovun paytaxtın Suraxanı rayonunda tanışı olan bir nəfərin “BMW” markalı avtomobilini qəsdən dərəyə aşıraraq yararsız hala salması da müəyyən edilib.
Araşdırma zamanı saxlanılan şəxsin cinayətkarlığı təbliğ edən, həmçinin karantin günlərində polis əməkdaşlarına tabesizlik göstərməsini özündə əks etdirən videolar hazırlayaraq müxtəlif sosial şəbəkələrdə yaydığı da məlum olub. Elnur Abbasovun hazırladığı videolarda gəncləri və yetkinlik yaşına çatmayanları cinayətkarlığa sövq edən motivlərin olduğu da müəyyən edilib. Saxlanılan şəxs istintaqa ifadəsində bütün qanunazidd hərəkətlərindən səmimi peşman olduğunu bildirib.
Qeyd edilən xüsusatlarla bağlı Elnur Abbasov barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb. Silsilə cinayət əməllərini törətməkdə şübhəli bilinən Elnur Abbasov tutularaq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.