Kürd Əmir, yoxsa “Kür dəymir”? – Adı mübahisə doğuran KÜRDƏMİRbackend

Modern.az saytı adları mübahisə doğuran bəzi rayonlarla bağlı tanınmış şəxslərin rəylərini öyrənməyi qərara alıb. Bu dəfə mövzu ilə bağlı növbəti rayon olaraq Kürdəmiri seçdik.

Kürdəmir sözünün etimologiyası haqqında bir neçə versiya var: Bir ehtimala görə, Kürdəmir “Kür” və “Dəmir” sözlərinin birləşməsindən yaranıb. “Kür” sözü çılğın anlamını, “Dəmir” isə həmin ərazidə məskunlaşmış yeddi obanın başçısının adını daşıyır.

Başqa versiyaya görə, guya rayonun adı Kürd Əmir və ya Qurd Əmir ləqəbli tayfa başçısının adı ilə bağlıdır.

Tarixçi Nazim Tapdıqoğlunun “Kürdəmir rayonunun toponimləri” kitabında isə yazılıb ki, Kürdəmir toponimi “Kürün dəymədiyi yer”, yəni “Kür dəymir” kimi mənalandırılır.

Modern.az-ın əməkdaşı mövzu ilə bağlı müxtəlif şəxslərin fikirlərini öyrənib.

Rayonu Milli Məclisdə təmsil edən deputat Əminə Ağazadə “Kürdəmir” adı ilə bağlı bir neçə versiyadan danışıb:

“Bu ad kürd tayfalarının köçdüyü yer kimi də izah olunur. Ehtimal olunur ki, burada vaxtiylə müəyyən qədər kürd tayfaları yaşayıb.

Kür çayının 35 kilometrliyindən keçdiyinə görə “Kürün dəymədiyi” ifadəsi də var. Rayon camaatının, Kürdəmirlə bağlı araşdırma aparan şəxslərin böyük əksəriyyətinin fikri ondan ibarətdir ki, “Kür dəymir” ifadəsi daha uyğundur. Ancaq konkret olaraq bu versiyalar elmi cəhətdən təsdiqini tapmayıb. Bunlar fərziyələrdir”.

Əslən Kürdəmirdən olan filologiya elmləri doktoru, professor Vaqif Sultanlı:

“Bölgənin adı ilə bağlı qədimlik elementi əsas faktorlardan biri və ən önəmlisidir. Kürdəmirə gəlincə burada ən qədim elementi çayla bağlıdır. Ən çox üzərində dayanılan versiya “Kür dəymir” mənasıdır. Başqa mənalara yozmaq cəhdləri olur, ancaq hesab edirəm ki, bu daha məntiqlidir. Rayon Kür çayının kənarında yerləşdiyinə görə, bu ad “Kür dəymir” anlayışına uyğundur. Başqa hansısa formada yozulması fikrimcə, yanlışdır. Bu ad tarixi bir addır, belə də qalmalıdır. Sovet İmperiyası dövründə Azərbaycanın rayonlarına, şəhərlərinə milli tarixlə, bölgənin coğrafiyası ilə əlaqəsi olmayan adlar qoyulmuşdu: Puşkin, Jdanov, Xanlar, İliç, Qasım İsmayılov, Əli Bayramlı və s. Bu rayonların adlarının dəyişdirilməsi o dönəmdə çox zəruri idi. Bəzilərinə çox yaxşı adlar seçildi, daha doğrusu tarixi adları bərpa olundu. Beyləqan, Biləsuvar, Qəbələ adlarının bərpası çox doğru addım idi. Ancaq bəzi yanlış məqamlar da var. Məsələn, Mərəzənin adını dəyişdirib Qobustan qoyublar. Duvannı qəsəbəsinin adı da Qobustandır. İkisi də qəsəbə-şəhər tipindədir. Əli Bayramlının adını Şirvan qoyublar, bu dəyişməlidir. Çünki Şirvan bölgə adıdır. Bölgənin adını şəhərə qoymaq çox uyğunsuz və yanlış addımdır”.

Kürdəmirdən olan hərbi ekspert Ədalət Verdiyev də rayonun adının hardan gəldiyi ilə bağlı fikirlərini bölüşüb:

““Kürdəmir” sözünün mənbəyinə aid müxtəlif versiyalar mövcuddur. Ancaq həm mütəxəssislərin, həm də real hadisələr fonunda “Kürdəmir” sözünün “Kürün dəymədiyi” ərazi fərziyyəsi özünü daha qabarıq şəkildə göstərir. Mənim də xatırlayıram ki, uşaq vaxtlarımda və ondan sonrakı dövrdə Kür çayının daşması ilə rastlaşmışıq, lakin bu proseslər, fəlakətlər zamanı heç vaxt Kür daşqınları Kürdəmir rayonu ərazisinə qədər gəlib çıxmamışdı. Ona görə real hadisələrin əsasında “Kürün dəymədiyi yer “ ifadəsi daha doğrudur”.