Latın Amerikasının media nümayəndələri dövlət xidmətində olublarbackend

 

Azərbaycan Respublikasının Meksika Birləşmiş ştatlarındakı səfirliyinin dəstəyi ilə Meksika, Kolumbiya, Peru, Qvatemala, Kosta-Rika, Honduras və Panamanın media nümayəndələri ölkəmizdə səfərdədir.

Səfər 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət, azad edilmiş ərazilərimizin durumu, məcburi köçkünlərin geri qayıtmasına münasibətdə mövcud maneələr, aparılan bərpa və quruculuq işləri, eləcə də digər məsələlərin bu ölkələrin kütləvi informasiya vasitələrində işıqlandırılması məqsədini daşıyır.
Qeyd olunan ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri Mədəniyyət nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində olublar.
Dövlət Xidmətindən “YeniGündəm”-ə  bildirilib ki, görüşdə Meksikanın “El Universal” qəzetinin redaktoru Qabriel Moyssen, Kolumbiyanın “Impacto Mundo” telekanalının aparıcısı Roberto Trobaxo, “Peru Jurnalistlər Federasiyası”nın vitse-prezidenti Rikardo Sançes, Perunun “La Razon” qəzeti və “Prensa21” xəbər portalının direktoru Karlos Linares Uarinqa və Kosta-Rika-nın “Horizontes TV” telekanalının aparıcısı Denis Mora Qusman iştirak ediblər.
Dövlət Xidmətinin nümayəndəsi Ağacavid Ramazanov qonaqları salamlayaraq Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi işğalçılıq siyasəti haqqında məlumat verib. Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə 706-ı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarix-mədəniyyət abidəsi var. 30 ilə yaxın bir müddətdə davam edən işğal dövründə Ermənistan tərəfi Azərbaycan xalqına məxsus tarixi abidələrə, mədəni irs obyektlərinə qarşı vandalizm aktı həyata keçirərək özününkiləşdirmiş və dağıntılar törətmişdir. Bütün bunlar Dövlət Xidməti tərəfində həyata keçirilən monitorinqlər nəticəsində qeydə alınır.
Ağacavid Ramazanov vurğulayıb ki, Azərbaycan bütün tarixi abidələri bərpa edərək, yenidən öz tarixi görkəminə qaytaracaq.
Görüşdə qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.