Lənkəranda gənc kinematoqrafçının filmi təqdim edilibbackend

Lənkəranda gənc kinematoqrafçının filmi təqdim olunub.

“Yeni Gündəm” xəbər verir ki,  təqdimat mərasimi pandemiya qaydalarına riayət edilməklə təşkil olunub.

Təqdimatı keçirilən “Köz təndir” adlı qısametrajlı bədii-sənədli filmin müəllifi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin kinorejissorluq ixtisasında təhsil alan, III kurs tələbəsi Səməd Mehribandır.

Filmin quruluşçu operatoru və bəstəkarı Məhəmməd Osman, montajçısı Səməd Mehriban və Məhəmməd Osman, poster dizayneri Aslan Ağamirzəyevdir.
Filmin prodüserləri Rahim Ağayev və Orxan Atadır.

“Köz təndir” Bakı küçələrinin birində çörək bişirməklə pul qazanan iki qadının qısa həyat hekayəsidir.

Filmin yaranma səbəbindən danışan müəllif deyib:

“Hər bir insanın maraqlı hekayəsi var. Bu hekayələrlə tanış olmaq üçün gərək səbrli olub dinləməyə vərdiş edəsən. Filmin qəhrəmanları ilə bir ildən artıq bir müddət ərzində demək olar ki, hər gün bir neçə saniyə (çörək alarkən) ünsiyyətdə olmaq şansım olurdu. Daha sonra isə onlar haqqında film çəkmək qərarına gəldim və filmi çəkmək üçün qəhrəmanlarımdan icazə aldım. Çəkiliş zamanı filmin qəhrəmanları haqqında əvvəllər bilmədiyim bir çox yeni məqamlarla tanış oldum. Qəhrəmanlarımın hekayələri həyata baxışımda bir sıra dəyişikliklərə səbəb oldu və ümid edirəm ki, filmi izləyənlər də ondan hansısa faydalar əldə edə biləcəklər”.

S.Mehriban həmkarlarını Lənkərana, cənub regionuna dəvət edib. Bildirib ki, yaradıcılıqla məşğul olan hər kəs burada özü üçün maraqlı nəsə kəşf edə bilər. Sonda müəllif Lənkəran şəhərində gənc kinematoqrafçıların işlərindən ibarət festivalın təşkil olunmasını da arzu etdiyini vurğulayıb.

Filmin nümayişindən sonra gender bərabərliyi mövzusunda müzakirələr aparılıb. /report.az/