-İlham, niyə bizim dövrümüzdə Leyli – Məcnun məhəbbəti yaşanmır? Niyə sevgi adiləşib, bəsitləşib?
-Fərizə, zaman keçdikcə, insanlar ilahi sevgiyə inanmaqdan vaz keçdilər.
-Sən də inanmırsar?
-Sevgiyə inanıram, amma ilahi sevgiyə xəyal kimi baxıram.
-Yəni Leyli və Məcnun, Romeo və Culyetta xəyaldır?
-Bəlkə də.
-Bəs İlham və Fərizə?..
***
Onların sevgisi haqqında əfsanələr, rəvayətlər dolaşır. Onlar 20-ci əsrin ən təsirli sevgi hekayətini yazdılar. İlham və Fərizə dastanını.
İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olmuşdu. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alır. Atası dünyasını dəyişəndən sonra İlhamı Ağdamda yaşayan nənəsinin yanına göndərirlər. O, həm zavodda işləyir, həm də nənəsinin qayğısına qalırdı.
Əsgəri xidmətini Latviyada çəkir. Hərbi xidmətdən sonra Bakıya qayıdan İlham gəmi təmiri zavodunda tokar işləyir. İşləyə-işləyə həm də Bakı Texniki Texnikumunu bitirir.
***
Sovet İmperiyasında baş verən etirazların əks-sədası Azərbaycanda da duyulurdu. Meydanlar insanlarla qaynayırdı. İlham vətənpərvər gənc idi, yoldaşlarıyla meydana gedir, azadlıq mübarizəsinə qoşulurdular.
-Azərbaycanın müstəqilliyi uğrunda canımızla qanımızla mübarizə aparmalıyıq. Sovet imperiyasının məhvi bizim qurtuluşumuz ola bilər. Nicatımız yalnız azadlıqdadır. İmperiyanın çöküşünü görməyincə, ürəyimiz rahatlıq tapmayacaq!
Sən demə, azadlıq aymış günəşmiş,
O aya, o günə həsrət qalmışam.
Həyat səsli- küylü bir keşməkeşmiş,
Doğma səsə- ünə həsrət qalmışam.
Ruhum meydanlara sığmayan alay,
Üç rəngli bayrağım qalx, ucal, haray.
Öpsün tellərini Xəlil, günəş, ay,
Mən sənin üzünə həsrət qalmışam.
İlham işıqlı duyğularla yaşayırdı. Azərbaycanı müstəqil görmək, azad ölkənin azad vətəndaşı olmaq ən böyük arzusu idi. Fərizə də bu arzuların bir parçası idi. İlham ona olan sevgisini hamıdan, hətta onun özündən də gizləyirdi.
Fərizə onların qonşuluğunda yaşayırdı, İlhamın bacısı Gülbənizlə bir sinifdə oxumuşdu. Orta məktəbi bitirəndən sonra tibb texnikumuna daxil olan Fərizə sonuncu kursda təhsil alırdı.
Ailəsi İlhamın ailə qurub oğul-uşaq sahibi olmasını arzulayırdı. O isə özündən başqa hamını düşünür, öz arzularını gələcəyə saxlayırdı. Bir dəfə Ofeliya ana oğluyla ciddi söhbət etməyi qərara alır. Onun üçün bir neçə qız gözaltı etdiyini bildirir. İlham razı olmur. Anası “Yaxşı, özün söylə görək, könlün kimdədir?” deyəndə İlham sirrini açır:
-Könlümdəki Fərizədir…
Fərizə sakit təbiətli, ədəb-ərkanlı qız idi. İlhamın seçimi ailənin ürəyincə olur. Elçi düşürlər. Fərizənin atası “əgər qızım razıdırsa, mən də etiraz etmirəm” deyib xeyir-duasını verir.
Nişan mərasimi Novruz bayramı ərəfəsində baş tutur. Fərizə süfrəni Novruz xonçasıyla bəzəyir, ürək döyüntüsüylə oğlan evinin gəlişini gözləyirdi. İlham hər bir qızın xəyal edəcəyi oğlan idi. Ucaboy, yaraşıqlı, ağır təbiətli. Fərizə də qızların gözü idi. Bir-birlərinə çox yaraşırdılar.
İlham da həyəcanlı idi. Nişanlısı üçün qırmızı libası birlikdə seçmişdilər. Fərizə qırmızı rəngi çox sevdiyini demişdi:
-Nəyə görəsə qırmızı rəngi çox bəyənirəm. Deyirlər ki, qırmızını güclü insanlar sevir. Amma, məncə, qırmızı həm də zəriflikdir.
-Məncə də bu rəng sənə çox yaraşır. Qırmızı çiçək kimisən.
Fərizə bu sözlərdən utanıb pörtsə də gözləri gülmüşdü. Bu libasın onların həyatına qırmızı rəngin parlaqlığını gətirməsini diləmişdi.
Ürəyində demişdi ki:
“Bu sevgi ömür boyu davam etsin, bir-birimizə sevincdə də, kədərdə də sipər olaq, bir-birimizin yanında olaq, başqa heç nə istəmirəm”.
Amma Ofeliya ananın ürəyi səksəkədə idi. Nişan mərasiminə yola düşən maşınların şüşəsi qəfil çatlamışdı. “Allah, özün xeyrə cala, bu heç yaxşı əlamət deyil” demişdi Ofeliya ana.
Qız evi isə nikbin idi. Nişan xonçaları Novruz xonçaları olan süfrəyə daha bir gözəllik qatmışdı. Hər ikisi ümidi, nikbinliyi, uğuru ifadə edirdi. Fərizə isə qırmızı libasda Bahar qıza bənzəyirdi.
Nişandan sonra toya tədarük görmüşdülər. Dəvətnamələr yazılmışdı:
“Hörmətli dost!
Sizi İlhamla Fərizənin toy məclisinə dəvət edirik.
Toy məclisi 30 iyun, 1989-cu il, saat 18:00-da keçiriləcək. Ünvan: 9-cu mikrarayon, “Leyla” şadlıq evi”.
***
Fərizə cehizlərini gözdən keçirir, bu əşyaları gələcək evində təsəvvür edir, ailə ocağının xəyalını qururdu. Birdən içində nə isə qırıldı- onların nişan şəkillərinin içində olduğu çərçivə şüşəsi yerə düşüb çilik-çilik oldu. İlham telefon edəndə Fərizəni dilxor olduğunu hiss etdi.
-Fərizə, narahatlıq yoxdur ki? Hər şey qaydasındadır?
-Hər şey yaxşıdır, anamla cehizlik əşyaları yerbəyer edirdik. Ancaq xoşagəlməz bir şey oldu.
-Nə oldu ki?
-Bizim şəklimizin olduğu çərçivə şüşəsi qırıldı…
-Heyif… Elə buna görə dilxorsan?
-Axı bu yaxşı əlamət deyil? Şüşənin qırılmasını deyirəm.
-Fərizə, sən də qoca qarılar kimi əlamətlərə inanırsan?
-Hər halda el obada belə deyərlər… Sınanmış inancdır.
-Fərizə, o inancları qoca nənələr özlərindən uydurub. Mən inanclara deyil, reallığa inanıram. Reallıq isə gözəl və ümidlidir. Orda bizi səninlə xoş gələcək gözləyir.
-Sənin işıqlı sözlərini eşitmək elə gözəldir ki. Mən sənə inanıram.
-İnan, əzizim. De görüm toyda rəqs edəcəksən?
-Yox, utanıram. Heç gəlin də öz toyunda rəqs edər?
-Artıq köhnə vaxtlar geridə qalıb. 89-cu ildir, 21-ci əsrə yaxınlaşırıq! İndi gəlinin öz toyunda rəqs etməsi eyib deyil, əksinə, xoş qarşılanır.
-Bəlkə də elədir, amma mən yenə də utanıram… Deyirsən şüşənin sınması pis əlamət deyil?
-Əlbəttə ki yox. Nə qədər ki İlham və Fərizə var, pis heç nə ola bilməz.
-Yəni nə qədər ki bir yerdəyik?
-Hə, biz isə həmişə bir yerdə olacağıq!
1989-cu ilin 30 iyununda da toy çalınır. Vağzalı sədaları altında Fərizə İlhamgilə köçür. Yeni evlilər bir müddət burda qalır, bir neçə aydan sonra isə İlhama işlədiyi zavoddan 4 otaqlı mənzil verilir.
***
1990-cı il 16 yanvar günü.
Həmin gün İlhamla Fərizə çox xoşbəxt idi. Yenicə köçdüyü evlərinə sığmırdılar.
-Fərizə, həmişə istəmişəm ki, öz evim, yəni öz dünyam olsun. Bu bizim yeni dünyamızdır.
-Yeni dünyamız gözəldir!
-Hə… Çox gözəldir! Biz buranı istədiyimiz kimi qura bilərik! Bax, burda istəyirəm dolab olsun, kitabların və ən önəmli əşyaların olacağı dolab.
-Bura isə jurnal stolunu və stolüstü lampanı qoyarıq! Bura isə sənin mənə ad günümdə aldığım yumşaq oyuncağı! Bura isə kamodu yerləşdirib üstünə də şəkillərimizi qoyarıq!
-Buranı isə övladımızın otağı edərik. Vaxtımız azdır, övladımız 7 aydan sonra dünyamıza gələcək, gərək hər bir əşyasını hazır edək!
-Övladımız sənin kimi mərd atası olduğu üçün qürur duyacaq.
-Sənin kimi anası olduğu üçün daha çox fəxr edəcək, Fərizə.
***
1990-cı il 19 yanvar.
İlhamgilin qohumları və dostları yeni evlilərin mənzilinə yığışıb. Hamı deyir, gülür. İlham bir az gec, qara fəhlə paltarında evə gəldi. Fikirliydi, diqqəti tez-tez dağılır, pəncərədən baxırdı. Birdən işıqlar söndü. Atışma səsləri eşidildi. Qadınlar qorxsa da, kişilər onları sakitləşdirib dedilər ki, zərərsiz güllələrdir, insanları qorxutmaq üçün havaya atırlar. İlham tez ayağa durdu:
-Mənim dostlarımla bir işim var. Amma tez qayıdacam.
Evdəkilərin narahat baxışları İlhamı qapıya qədər ötürdü. O, doğmalarının baxışını hiss edib ayaq saxladı, döndü. Qardaşı oğlu Əjdər yerdə oynayırdı. İlham onu son dəfə öpüb qapıdan çıxdı. Fərizə arxadan onu səslədi:
-İlham, İlham, getmə, amanın günüdür!
-Dostlarıma söz vermişəm, məni bayırda gözləyirlər.
Fərizə aman diləyən nəzərlərlə qaynanasına baxdı. Baxışlarıyla yalvardı, “onu qoymayın getsin” dedi. Ofeliya ana da İlhamı yolundan saxlaya bilmədi.
-Narahat olmayın, tez gələcəyəm.
***
Şəhər sakinləri “Alov” zavodunun yanına, Biləcəri yoxuşu deyilən yerə yığışmışdı. Tankların şəhərə daxil ola bilməməsi üçün yol kəsilmişdi. Ərazidə xeyli avtomobil var idi və tanklar da onların yaxınlığında idi. Ancaq hərəkət etmirdilər. İnsanlar ocaq qalayıb gözləyirdi. Tam sakit, sanki qeyri-adi bir gecə idi.
Uzaq diyardayam, daş qəfəsdəyəm,
Bir vətən lehinə teşnə xəstəyəm,
Mənə görüş verin səfər üstəyəm,
Balamın gözünə həsrət qalmışam.
Çatdırın o gülə gülzara məni,
İtirsən o yerdə gəz, ara məni,
Qürbəttə qoymayın məzara məni,
Vətən gündüzünə həsrət qalmışam.
Saat 1-ə 5 dəqiqə işləmiş Xl Qızıl Ordunun iki tankı hərəkətə gəldi və göyə iki fişəng atıldı. Fişəngin atılması ilə tankların irəliləməyi bir oldu.
Hamı bu fikirdəydi ki, atılan güllələr həqiqi deyil və qərara gəldilər ki əl-ələ verib tankın qarşısına çıxsınlar. Amma sovet tankları əliyalın insanlara rəhm etmədi və onların üzərinə yeridi.
İlham tankları durdurmaq üçün onların qarşısına yüyürdü:
-Əliyalın insanlara güllə atmayın! Silahsız insanları necə vura bilərsiz? Axı…
Sovet tankından atılan güllə İlhamı susdurdu.
Həmin gülləni evdə olan Fərizə öz bədənində hiss etdi, həmin an qışqırdı.
-İlhamı vurdular!
İlhamı tapa bilməyib ovqatı təlx evə qayıdan Elxan Fərizəni və bacısını sakitləşdirməyə çalışdı. “Harda olsa, gələr indi” dedi.
Təcili yardımla xəstəxanaya çatdırılan İlham həmin anlarda əməliyyat masasının üzərində idi. Amma şəhərin işıqları kəsildiyindən xəstəxana qaranlığa qərq olmuşdu. Həkimlər qəzet yandırıb onun işığında yaralını əməliyyat etdilər. Yara ciddi və dərin idi.
Torpaq o soyuq qış gecəsində qanla suvarıldı. Həmin gün insanlar ya həyatlarını, ya da ümidlərini itirdi. Həmin gün qərənfillər ağladı. Asfalt yollar çiçək bitirdi. Həmin gün insanlar hüzur içində günəşin batmasını deyil, güllələrin tüstüsündənqopub ayrılan dumanı seyr etdi…
Sinələr güllə-güllə,
Qan axır, dönür gülə.
Qərənfillər ağlayır,
Düşmənə gülə-gülə.
Ağla, qərənfil, ağla!
Fərizə səhərə kimi yatmayıb İlhamın yolunu gözləyirdi. Atışmadan sonra şəhər lal sükuta qərq olmuşdu.
İlhamın qardaşı Elxan səhər bir də İlhamı axtarmağa çıxdı. Ofeliya ana da onunla bərabər idi. 20 Yanvar dairəsinə tərəf getdilər. Xəstəxananın həyətində qan gölməçəsi vardı. Oğlunun taleyindən xəbərsiz Ofeliya ana qana baxıb ah çəkdi: “Aman Allah, nə şirin qandır bu. Görəsən hansı anası ölmüşün qanıdı?”
Elxan qardaşının şəxsiyyət vəsiqəsini də özüylə götürmüşdü. Xəstəxana işçiləri vəsiqəyə baxıb Elxanın eşitməyə qorxduğu sözü söylədilər: “Onu yaralıların arasında axtarmayın”.
20 Yanvar qurbanlarının cansız bədənləri arasında qardaşını axtaran Elxan sinif yoldaşı Fuad Babayevin nəşini gördü. Ondan irəlidə isə əliyalın, amma azadlıq yanğısı ilə düşmən üstünə gedən İlhamın nəşi idi.
***
Həmin gün saat 6-da Fərizə atasıgilə gəldi. Ürəyindən bir ah qopdu.
-İlham artıq yoxdur.
Çoban kişi “qızım, möhkəm ol, elnən gələn vay toy-bayramdır,” dedi. Amma Fərizə donuq nəzərlərini bir nöqtəyə dikərək dinmədi. Gəldiyi kimi də getdi.
İlhamın nəşini aparanda isə Fərizə ayaqyalın, başıaçıq Biləcəri yoluna kimi cənazənin arxasınca yeridi. Pərişan qadını durdurmaq mümkün olmadı:
-Əgər qoymasanız, nə olursa olsun, özümü ona çatdıracam.
Dəfndən sonra Fərizə depressiyaya qapıldı. Nə yeyir, nə içir, nə danışırdı. Qardaşının həyat yoldaşı Fəridə onun yanında idi, Fərizəni ovudur, təsəlli etməyə çalışırdı.
Tək qalmağa çalışan Fərizə onu su dalınca göndərdi.
Fəridə su dolu stəkanla qayıdıb gələndə otağın qapısını bağlı gördü. Təlaşlandı, qapını zorla açıb içəri girdi. Neft qoxusu otağı bürümüşdü. Üst-başına neft çiləmiş Fərizənin əlində kibrit vardı. Nişanda oğlan evinin gətirdiyi zərli yaylığı başına bağlamışdı.
Fəridə qışqırıb kibriti onun əlindən aldı:
-Fərizə, sən nə edirsən? Özünə qıyma, başına dönüm.
-İlhamsız həyat mənə yoxdur. Mən onsuz nəfəs ala bilmirəm.
-Axı sən tək deyilsən, bətnindəki körpəni də düşünməlisən.
-Mən İlhamdan başqa heç kim haqqında düşünə bilmirəm. Bu hiss məndən güclüdür. Onun ölümü məni də öldürdü. Ölülər isə istəsələr belə həyata qayıda bilmirlər.
Artıq Fərizənin hər addımını izləyir, bir an belə gözdən qoymurdular.
Gecə hamı yatandan sonra Fərizə yerindən qalxdı. Toy şəkillərini stolun üstünə düzüb baxdı, baxdı. İlhamla ruhən görüşdü, söhbətləşdi. Leyli Məcnun, Romeo və Culyetta, sonra isə İlham və Fərizə eşqindən danışdılar.
-İlham, yadındadır, niyə bizim dövrümüzdə Leyli Məcnun məhəbbəti yoxdur deyirdik. Amma belə deyilmiş. Sadəcə Leylilər məhəbbətlərini ürəklərində gizlədirmiş.
-Sənin kimi?
-Hə, mənim kimi. Bəlkə də mən də Leyliydim, amma bundan xəbərim yox idi. Sən isə Məcnun, ya da Romeo.
-Hə, biz ilahi sevgiyə heyran olub öz sevgimizi adi hesab edirdik, amma ən böyük sevgi bəlkə də bizimkiymiş.
-Bəlkə deyil, ən böyük sevgi bizimkidir. Və mən bunu təsdiq edəcəyəm.
-Fərizə, axı bizim körpəmiz var, sən onu dünyaya gətirməlisən.
-O, bizimlə çox xoşbəxt olacaq. Sən, mən və o.
Fərizə kiçik bir məktub yazdı. Sonuna çatdıra bilmədi. Bəlkə də içdiyi zəhər artıq öz təsirini göstərdi. Məktubda yazılmışdı.
– Ana, məni ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da…
Fərizənin iniltisi evdəkiləri yuxudan oyatdı. Təcili yardımla xəstəxanaya çatdırdılar. Amma zəhər öz işini görmüşdü. Fərizə ölümlə mübarizəyə qalxmış və ona qalib gələrək canından çox sevdiyi sevgilisinə qovuşmuşdu.
-Bax, ilham, gəldim. Yenə bir yerdəyik. Gördün, bizim sevgimiz Leyli Məcnun sevgisindən də böyükmüş.
-Hə, gördüm. Çünki bizim sevgimiz İlham və Fərizə sevgisidir.
-Gün keçəcək, bizim sevgimiz haqqında da rəvayətlər, əfsanələr dolaşacaq, insan bu sevgini and yeri biləcək…
-və bir daha ayrılmamaq üçün bir –birlərini ən az bizim qədər sevəcəklər!
GÜNEL NATİQ