“”McDonalds”da böyüyən uşaqda istedad ola bilməz”backend

Azərbaycanın Bakıyla məhdudlaşdırılması ölkənin yarısını bütün ictimai proseslərin kənarında saxlayır.

Sərgilər, yarmarkalar, müxtəlif mədəni-kütləvi tədbirlər ancaq Bakıda yaşayanlara hesablanır. Nəticədə intellekti olan, amma istedadı olmayan bir nəsil yetişir.

İstedad uşağın təbiətlə ünsiyyətinin məhsuludur, intellekt cəmiyyətlə.

“McDonalds”da böyüyən uşaqda istedad ola bilməz, onda olan intellektdir.

İstedadın sosial məzmun qazanması üçün kənd və şəhər arasında əlaqə olmalıdır. Məni adam eləyən (əgər edə bilibsə) qoyun otaranda oxuduğun mavi üzlü “Elm və həyat” jurnalı olub.

Bu gün kənd Bakıda ancaq kənd toyuğu, kənd yumurtası, motal pendiriylə təmsil olunur. Kənddən şəhərə istedad gəlmir.

İstedadın olmaması ictimai mühitimizi cansızlaşdırır. İntellekt quru təfəkkür yaradır. İntellekt yaddaşa quraşdırılmış sayğacdır.

Səbəbi nədir? Bürokratiyanın şəhərləşməsi. Bürokratik sistemin yalnız “McDonalds”da böyüyüb, xaricdə təhsil alıb, heç vaxt ictimai mühitdə görünməyən insanlardan təşkil olunması. Bu insanlar kəndi, əyaləti ancaq yeməkləri ilə tanıyırlar.

Kənd şəhər insanın beynində artıq sürgün yeri kimi təsəvvür olunur. Kəndlilərin tənbəlləşməsinin səbəbi də şəhərdə unudulmalarıdır. Son otuz ildə Azərbaycan elmi, ədəbiyyatı niyə tənbəlləşib tüfeyliləşdi.

Unudulduğu üçün!!!

Son otuz ildə cəmiyyətə təbliğ olundu ki, yalnız Aygün Kazımovanın vid-fasonunu yadda və diqqətdə saxla, qalan hər şeyi unut.

Nəticəsi? Bu gün bütün Azərbaycan müğənni həyatı yaşamaq istəyir, əlinə fürsət və pul düşən kimi müğənniləşir. Müğənniləşə bilməyənlər də psixoloq yanına gedir.

Bürokratiya ölkəni bütöv görə bilmir. Startap layihələri şəklində qırıq-qırıq görür.

Arasında dostlarımın da olduğu gənc bürokratların otağına girəndə gözüm divarda Azərbaycan xəritəsini, ölkənin bütöv şəklini axtarır.

Hələ ki, belə divara rast gəlməmişəm.

Aqşin Yenisey

şair