Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi “Medeks Hospital” özəl tibb müəssisəsində plandankənar yoxlama keçirib.
Qaynarinfo-nun məlumatına görə, yoxlama aparılarkən klinikada sertifikatsız tibbi fəaliyyəti ilə məşğul olma faktı aşkar olunub.
Yoxlama zamanı klinikada Şahin adlı plastik-cərrahın, Zaur adlı ümumi-cərrahın sertifikasiya şəhadətnaməsindən keçmədən plastik-cərrahiyyə işi və fəaliyyəti ilə məşğul olması müəyyən edilib.Sözügedən nöqsanlara görə “Medeks Hospital” barəsində nzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) ilə protokol tərtib olunub və iş baxılması üçün məhkəməyə göndərilib.
“Medeks Hospital”ın rəhbəri Vüsal Qarayev aparılan yoxlama ilə əlaqədar bildirib ki, Şahin doktor sertifikasiyaya getməsi barədə yazılı əmrlə tanış olub, lakin getməyib. Zaur doktor isə əsasən plastik əməliyyatlar etmir, ümumi cərrahiyyə ilə məşğul olur. Yalnız abdominoplastika əməliyyatları edir, zərurət yarandıqda kəsir ətrafındakı kiçik nahiyyələrin liposaksiya əməliyyatını həyata keçirir. O, məhkəmədən xahiş edib ki, rəhbərlik etdiyi klinikada vəzifəli şəxsə 1000 manat cərimə tətbiq edilsin.
İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.
Lakin məhkəmə “Medeks Hospital” rəhbərinin özünün istəyi kimi 1000 manat deyil, qanunvericiliyə uyğun olaraq 6000 manat məbləğində inzibati cərimə cəzası tətbiq edib.