Bu günlər koranavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir.
“Yeni Gündəm” xəbər verir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev martın 23-də ölkə əhalisinə müraciətində bu istiqamətdə reallaşan və nəzərdə tutulan addımlar barədə ətraflı söz açıb.
Bu istiqamətdə daha bir addım olaraq, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə martın 27-dən etibarən ölkəmizin bütün televiziya kanallarında “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bədii filmlərin nümayiş etdirilməsinə şərait yaradılıb. Xatırladaq ki, kinofilmlərin telekanallar vasitəsilə nümayişi müvafiq icazəni nəzərdə tutan normativ qaydalarla tənzimlənir. Sözügedən təşəbbüslə telekanallara milli filmləri artıq sərbəst şəkildə nümayiş etdirmək imkanı verilir. Bütün televiziya kanalları “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyinə müraciət edərək ödənişsiz olaraq filmləri yayımlama imkanı qazana bilərlər.