Oktyabrın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq Səməd Vurğun adına Rus Dram Teatrının bir qrup əməkdaşına və incəsənət xadimlərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.
“Yeni Gündəm” xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bu mərasimin çoxdan keçirilməsinin planlaşdırıldığını bildirib: “Bilirsiniz, bu gün müəllimlər günüdür. Mən incəsənət xadimlərini müqəddəs müəllimlik peşəsindən ayırmıram.
Müəllimlər şagirdlərə elmi, incəsənət xadimləri isə cəmiyyətə mədəniyyəti təqdim edir. Mən hesab edirəm ki, Azərbaycanın ən gözəl səfirləri mədəniyyət xadimləridir. Çünki onlar xaricdə də ölkəmizi mədəniyyət vasitəsilə təbliğ edirlər”.
Vurğulanıb ki, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahədə xidmətlərini xüsusi qeyd edib.
Qarabağın işğaldan azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu bildirən A.Kərimov deyib ki, ancaq mədəniyyət sahəsində mübarizəmiz hələ də davam edir.
Nazir bildirib ki, səngərdə qalibiyyət qazanmışıqsa, mədəniyyət sahəsində də bu qalibiyyəti, uğuru davam etdirməliyik: “Azərbaycan mədəniyyətinin əsgərləri də mədəniyyət xadimləridir. Ermənistanın Azərbaycan mədəniyyətini özününküləşdirmə, mənimsəmə səyləri nəticəsiz qalacaq. Azərbaycan əsrlər boyu zəngin mədəniyyəti ilə məşhur olan bir ölkə olub. Bundan sonra da mədəniyyət işçiləri bu tarixi missiyanı davam etdirəcək”.
Hazırda Mədəniyyət Nazirliyində islahat prosesində yeni bir mərhələyə qədəm qoyduğunu söyləyən Anar Kərimovun sözlərinə görə, islahatları keçirməkdə əsas məqsəd mədəniyyətimizi strateji olaraq cəmiyyətə təqdim etməkdir.
Sonra mədəniyyət naziri Anar Kərimov ölkə başçısının müvafiq sərəncamları ilə təltif edilənlərə mükafatların vəsiqə və medallarını verib və onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.
Mükafat alanlar fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.