Məlahət İbrahimqızı: Prezidentin çıxışı xüsusi təyinatlılarımızın Vətən və Ali Baş Komandan qarşısında məsuliyyətini daha da artırırbackend

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı gənclərimizin, xüsusilə də hərbi məktəblərdə oxuyan kursantların, əsgərlərimizin vətənpərvər və milli ruhda formalaşması üçün böyük önəm kəsb edir. Dövlətimizin başçısının çıxışı damarında azərbaycanlı qanı axan hər kəsə güclü ruh yüksəkliyi və sonsuz Vətən sevgisi aşılayır.
Bu fikri Milli Məclisin deputatı Məlahət İbrahimqızı AZƏRTAC-a açıqlamasında söyləyib.
Deputat bildirib ki, dövlətimizin başçısı ötən dövrdə Xüsusi Təyinatlı Qüvvələrin böyük və şərəfli yol keçdiyini, Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək tarixi Zəfərimizin əldə olunmasına mühüm töhfə verdiklərini bildirib: “Prezident İlham Əliyev çıxışında yaxın keçmişə nəzər salaraq, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin səbəblərini, o dövrdə hakimiyyəti zəbt etmiş təsadüfi ölkə rəhbərliyinin ordu quruculuğu sahəsində vəzifələrinə biganəliyini, Şuşanın, Laçının, Kəlbəcərin işğala olunmasının əsas səbəblərinin bundan qaynaqlandığını vurğuladı. Prezidentimiz Ümummilli Liderimizin ordu quruculuğu sahəsində gördüyü işlərə də toxunaraq, onun bu sahədəki əvəzsiz xidmətlərini xatırlatdı. Dövlətimizin başçısı Azərbaycan Ordusunun artıq dünyanın güclü orduları arasında olmasını və hər kəsin ordumuzun Aprel döyüşlərindəki gücünü görməsinin şahid olduğunu diqqətə çatdırdı.
İndi fəxrlə deyə bilərik ki, 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun qəhrəmanlığı və qazandığımız şanlı Qələbədən sonra düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bütün bunlar danışıqlar hesabına deyil, güc, qüdrət və xalqın öz Lideri ətrafında sarsılmaz birliyi hesabına əldə edildi. Müzəffər Ali Baş Komandanımız bir daha vurğuladı ki, bu gün də əsas məqsədimiz ölkəmizdə daha güclü ordu quruculuğu prosesini davam etdirməkdir və hazırda bu sahədə genişmiqyaslı işlər də davam etdirilir. Dövlət büdcəsində hərbi xərclərin ildən-ilə artırılması, hərbçilərimizə diqqət və qayğı göstərilməsi sayəsində Azərbaycan Ordusu daha da güclənir və güclənəcək”.
M.İbrahimqızı Vətən müharibəsinin xalqımızın tarixində şanlı səhifə olduğunu qeyd edərək, düşmənə sarsıdıcı zərbə vurulması nəticəsində Ermənistan ordusunun tamamilə məhv olduğunu və təcavüzkarın hələ də özünə gələ bilmədiyini bildirib: “Bu gün hər bir azərbaycanlı işğalçı Ermənistan ordusuna məxsus məhv edilmiş hərbi texnikanın qalıqlarını Bakının mərkəzində, Hərbi Qənimətlər Parkında görə bilər. Həqiqətən də 44 gün ərzində 300-dən çox şəhər və kəndi düşməndən azad edilməsi böyük rəşadətdir. Bütün dünya ictimaiyyətinə döyüş meydanında qəhrəman Milli Ordumuzun vətəninə sonsuz sevgisi olan əsgər və zabitlərinin qan tökərək, şəhidlər verərək Zəfər qazandığı məlumdur. Bu mənada Müzəffər Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, Azərbaycan Silahlı Qüvvələrinin tarixi Zəfəri xalqımızın tarixində əbədi qalacaq, Azərbaycan xalqı tarixdə müzəffər xalq kimi əbədi yaşayacaq.
Prezident İlham Əliyev bu sevinci və şərəfi bəxş edən Azərbaycan xalqının övladlarının, əsgər və zabitlərinin heç vaxt unudulmayacağını da qeyd etdi. Xüsusi təyinatlılarımızın Vətən müharibəsindəki Qələbədə çox böyük payı olduğunu vurğulayan dövlətimizin başçısı ordumuzda bir nəfər belə fərarinin olmamasından və ancaq rəşadətlə vuruşmasından fəxrlə danışdı”.
Deputat qeyd edib ki, müharibədən keçən bir il yarım müddətdə Şuşaya gələn hər kəs bu şəhərin düşməndən azad edilməsini sözün əsl mənasında şücaət adlandırır. Prezidentimizin “Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən o sıldırım qayaları görəndə hər dəfə mənim gözlərimin önünə siz gəlirsiniz. Bu alınmaz qala necə alındı – yüngül silahlarla, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə. Qarşıda, yuxarıda, dağın başında təpədən dırnağa qədər silahla, topla, tankla silahlanmış ermənilər sizin qarşınızda aciz idilər…” fikirlərini səsləndirməsi sözsüz ki, xüsusi təyinatlılarımıza yeni güc verir, onların Vətən və Ali Baş Komandan qarşısında məsuliyyətini daha da artırır.