“Mən neft tapdım – Salmanov” sənədli filmi ilin sonunadək təhvil veriləcəkbackend

“Surqut neft-qaz”ın iştirakı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Salnamə” studiyası və “Caspian Media Group”un istehsalı olan “Mən neft tapdım – Salmanov” bioqrafik sənədli filmin çəkilişləri davam edir. Film geologiya sahəsində çox böyük mütəxəssis, dünyanın ən məşhur geoloq alimlərindən olan Azərbaycan xalqının ləyaqətli oğlu, görkəmli neftçi, Sosialist Əməyi Qəhrəmanı, Tümen neftini ilk kəşf edənlərdən biri Fərman Salmanovun 90 illik yubileyinə həsr olunur.

YeniGündəm xəbər verir ki, filmin müəllifi Hüseyn Cavadzadə, operatoru Rauf Qurbanəliyev, ssenari müəllifi isə Ramiz Fətəliyevdir.

Filmin çəkilişləri Bakıda, onun doğulduğu Şəmkirdə, Rusiyanın Moskva, Surqut, Neftyuqansk şəhərlərində aparılır. Filmin Bakı, Şəmkir çəkilişləri artıq başa çatıb, hazırda pandemiya şəraiti ilə əlaqədar Rusiya çəkilişlərinə görə filmin təhvilvermə müddəti uzadılıb. Filmdə Milli Arxiv İdarəsinin kino-foto sənədləri, həmçinin Rusiya arxivlərinin kinomateriallarından istifadə olunması da planlaşdırılır.

Qeyd edək ki, mərhum Fərman Salmanovun filmdəki obrazını geoloqun adını daşıyan, ilk evliliyindən olan nəvəsi Fərman Salmanov canlandıracaq.

Layihənin ilin sonuna qədər ekranlaşdırılması və yerli kanallarla yanaşı, Rusiya telekanallarında da nümayiş etdirilməsi gözlənilir. Layihənin təşkilati və informasiya dəstəyi “Rossotrudniçestvo” (Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan soydaşlar və beynəlxalq humanitar əməkdaşlıq işləri üzrə Federal Agentlik) və Biznes Media Dialoq şirkətidir.