Xalq artisti Mənsum İbrahimov Əlibaba Məmmədovun dəfn mərasiminə qatılıb.
Xalq artisti “Yeni Gündəm”-ə xanəndə mərhum həmkarı ilə bağlı xatirələrini bölüşüb.
“Əlibaba müəllim haqqında keçmiş zamanda danışmaq mənim üçün çox ağırdır. 2005-ci ildən bu günə qədər Muğam Televiziya Festivallarında münsif kimi çiyin-çiyinə çalışmışdıq.
Xatırlayıram ki, Asəf Zeynallı adına musiqi ocağına daxil olanda Əlibaba müəllim imtahanlarda idi. Çox gözəl insan, ustad xanəndə idi. Bildiyiniz kimi Əlibaba müəllim həm də 100-dən artıq mahnının bəstəkarıdır. Onun mahnıları həmişə aktualdır.
Məsələn, bir tək “Xudayar təsnifi”ni xatırlamaq bəsdir. Bu mahnı Vətən müharibəsində ən çox dillərdə gəzən mahnı oldu.Əlibaba müəllim həm də hər zaman gənclərə dəstək verən ustad idi.
Bir sözlə, muğamımızın sütunlarından, ağsaqqallarından biri idi. O, sadəcə dünyasını dəyişib, bizim üçün sağdır. Bu cür insanlar heç vaxt ölmür. Allah ruhunu şad etsin”.