“Məzahir Əfəndiyev deputat seçiləndən hələ Göyçay-Ağdaş tərəflərə gəlib çıxmayıb. Bu dəfə də namizədliyini verib. İndiyə qədər heç şəkilləri yapışdırılmayıb, görüş də keçirməyib. O, təşviqat kampaniyası aparmır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Ağ Partiyanı 92 saylı Göyçay-Ağdaş seçki dairəsində təmsil edən deputatlığa namizəd Vüsal Quliyev deyib.
O bildirib ki, təşviqat kampaniyası ilə bağlı 92 saylı dairədə heç bir problem yoxdur.
Qeyd: 92 saylı Göyçay-Ağdaş seçki dairəsində 6-sı bitərəf olmaqla ümumi 8 nəfər namizəd qeydə alınıb. Onlardan biri Yeni Azərbaycan Partiyasını təmsil edən Göyçay şəhər 4 nömrəli orta məktəbin əməkdaşı Firəngiz Məmmədyarovadır. Məmmədyarovanın bitərəf rəqiblərindən ən çox müzakirə edilən VI çağırış Milli Məclisin deputatı Məzahir Əfəndiyev və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan Regional Bölməsinin nümayəndəsi Akif Kərimovdur.