Milli Qəhrəman Füzuli Rüstəmovdan bəhs edən “İgid ömrü” kitabı çapdan çıxıbbackend

Qarabağ savaşının qəhrəmanlarından biri – Xocalı şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmov haqqında kitab işıq üzü görüb.

“Yeni Gündəm” xəbər verir ki, jurnalist-publisist Nəzirməmməd Zöhrablının qələmə aldığı, Azərbaycanın qəhrəman oğlunun Vətən torpaqları uğrunda keçdiyi şərəfli salnamədən bəhs edən “İgid ömrü” sənədli-povesti Mədəniyyət Nazirliyi Xatirə kitabı redaksiyasının “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi əsasında reallaşdırılıb.
Layihənin rəhbəri Xatirə kitabı redaksiyasının baş redaktoru, tanınmış şairə Nəzakət Məmmədova, redaktoru və “Ön söz”ün müəllifi şair-publisist, Beynəlxalq Rəsul Rza mükafatı laureatı Əli Rza Xələflidir.

“İgid ömrü”ndə Milli Qəhrəman Füzuli Rüstəmovun həyat və döyüş yolu haqqında toplanılmış zəngin materiallardan, qəhrəmanın doğmalarının, döyüş yoldaşlarının və xocalıların onun təkrarsız igidlikləri, öz yurdu uğrunda verdiyi mücadilələrdən söhbət açılır. Onun xüsusilə bir döyüşçü və bələdçi olaraq 26 fevral Xocalı soyqırımı gecəsi çoxlu sayda xocalılını düşmən caynağından xilas edərək Ağdamın Şelli kəndinə gətirib çıxarması, özününsə dördüncü dəfə bələdçiliyə qayıdarkən düşmən gülləsinə tuş gələrək şəhid olduğu barədə təkzibolunmaz qürurverici faktlar xalqımızın tarixində bir örnək kimi yaşayacaq. Üç bölüm, 255 səhifədən ibarət “İgid ömrü” Qarabağ savaşımız haqqında dəyərli bir vəsait olacaq.

Kitabda, həmçinin Füzuli uğrunda həyatını qurban verdiyi Xocalı barədə həqiqətlərin bir qismi, Xocalının müdafiəsi ilə bağlı faktlar da oxucuların diqqətinə çatdırılır. Kitabın yazılması Azərbaycanın 44 günlük Vətən müharibəsi və Zəfər günlərinə təsadüf etdiyindən müəllif bu barədə də qeyd və düşüncələrini faktların dili ilə oxucularla bölüşüb.