Mirfaiq Mirheydərli: Ölkə tam olaraq işğala məruz qaldıqda müharicətdə dövlət yaradıla bilərbackend

Müsahibimiz Qərbi Azərbaycan İcması sədrinin ideologiya
məsələləri üzrə müavini Mirfaiq Mirheydərlidir.

– Mirfaiq müəllim, öncə özünüz haqda məlumat verməyinizi xahiş edərdik.
– Mən Qərbi Azərbaycanın (indiki Ermənistanın) Zəngibasar rayonunun Dəmirçi kəndində anadan olmuşam. 1988-ci ildə məlum hadisələr zəminində tarixi dədə-baba yerlərimizdən zorakılıqla, bütün əmlakımız ermənilər tərəfindən yağmalanmaqla qovulmuşuq.

Mirfaiq müəllim, Qərbi Azərbaycan İcmasının yaradılması hansı zərurətdən doğmuşdu?
Nəzərə alsaq ki, Qərbi Azərbaycanla bağlı xeyli ictimai təşkilatlar mövcud idi…
– Bilirsiniz necədir?

Hazırda bizim düşmənimiz ermənilərdir. Ermənilərin də bölgəmizdə yerləşdirilməsi prosesi məlumdur. Tarixi torpaqlarımızda son iki əsrdə xüsusi proqram üzrə ermənilərin yerləşdirilməsi Rusiyanın siyasi-coğrafi maraqları baxımından həyata keçirilmişdir. Rusiyanın isti sulara çıxmaq üçün hazırladığı proqramın tərkib hissəsi olaraq ən uyğun, rahat keçid kimi Azərbaycan ərazisi nəzərdə tutulmuşdu. Bunun üçün o vaxtkı dövlətlərarası münasibətlərdə indiki kimi qarşılıqlı mədəni yanaşmalar sistemi formalaşmamışdı. Güclü olan tərəf siyasi ambisiyalarını zor gücü ilə reallaşdırır, ərazilər tuturdu. Təəssüflər olsun ki, Rusiyanın nəhəng layihəsinin yolu üstündə Azərbaycan yerləşirdi.
Rusiyanın bölgəmizdə yerləşməsi sonrakı zaman üçün burada oturuşması məqsədilə Pyotrun vəsiyyətinin icrası bu gün də davam etdirilir. Başqa sözlə, bu gün Azərbaycanın aldığı davamlı zərbənin ünvanı Rusiyadır. Ermənistan Rusiyanın yaratmış olduğu və bu gün də mövcudluğu Rusiyadan asılı olan oyuncaq bir dövlətdir. Biz də Rusiya kimi güclü hərbi qüvvəyə, təbii sərvətlərə, böyük ərazilərə sahib, dünyada hegemonluq iddiası olan Rusiya kimi bir nəhənglə üz-üzəyiksə, onda hərtərəfli düşünülmüş proqramı olan qurumlar yaratmalıyıq.

– Demək istəyirsiniz ki, yaradılan təşkilatlar qeyri-ciddidir?

– Yox, hələ yaradılan təşkilatların ciddi və ya qeyri-ciddiliyi barədə fikir bildirməmişəm. Sadəcə, qarşımızda olan qüvvəni görməyi, qiymətləndirməyi və adekvat mübarizə yolu seçməyi bacara biləcək təşkilatların olmasını arzulayıram. Baxın, yaradılan təşkilatların yuxarıda qeyd olunan gücün imkanları nəzərə alınmaqla proqramı varmı?

Ermənistana həmin kontekstdə yanaşırlarmı? Azərbaycan torpaqlarının bir hissəsində yaradılan Ermənistanın hansı hissəsinə necə iddia etməklə bağlı yanaşmaları varmı?
Uzağa getmək lazım deyil. Mövcud təşkilatların sosial şəbəkələrdə işıqlandırılan fəaliyyətlərinə, rəhbərliyinin müsahibələrinə diqqət versəniz, hər şey aydın olar. Bu təşkilatların bir çoxunun özündən böyük iddialarının alt qatında vətənə qayıdışından çox kiminsə hansısa vəzifə tutması, Qərbi Azərbaycanlı elektorata sahib kimi özlərini təqdim etmək cəhdləri və s. kimi ölkədaxili məsələlərə dolayısı ilə qarışmaq məqsədləri ortada .

– Dediyiniz məqamlar Qərbi Azərbaycan İcmasının proqramında necə əks olunub?

– Biz bir neçə dəfə əsas prinsiplərimiz barədə çıxış etmiş, mövqeyimizi cəmiyyətimizə açıqlamışıq. Bu istiqamətdə Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin müsahibələrində də yetərli məlumat verilmişdir.

Bir daha mövqeyimizi qısa şəkildə açıqlaya bilərəm. Qərbi Azərbaycan İcması ilk mərhələdə aşağıdakı mövqeyi doğru hesab edir.

1. Kənd, rayon, şəhər icmaları yaradılır, təşkilatlanma dəqiqliyinə kimi qurulur.
2. Həmin icmalar tarixi torpaqlarımıza qayıtmaq uğrunda mübarizəyə tam hazır vəziyyətə gətirilir. Bu məsələdə insanların ata-baba yurdlarına mənəvi bağlılığının təmini və təşkili önəmli yer tutur.
3. Ermənistana qayıdış üçün beynəlxalq qurumlara müraciət olunur.
4. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər üçün verilə biləcək muxtariyyat səviyyəsində statusun Ermənistana qayıdan azərbaycanlılara da verilməsi təmin olunur.

– Mirfaiq müəllim, siz bayaq Ermənistanın hansı hissəsinə necə iddia etmək barədə maraqlı sual qoydunuz. Bunu izah edərsinizmi?

– Bilirsiniz, bu gün beynəlxalq hüquq normaları və müəyyən formalaşmış prinsiplər var. Arzularımız yaxın və uzaq olmaqla iki hissədən ibarətdir.
Yaxın hissə məhz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Mənim yuxarda sadə şəkildə qeyd etdiyim məsələlər norma və prinsiplərə uyğundur.

Bizim qaçqınlıq statusumuzun qalması buna uyğun addımlar atmağa imkan yaradır.
Biz bu prinsiplərdə ərazi iddiası irəli sürmürük. Lakin Ermənistan dövləti ilk dəfə yaradılan zaman 9 min km² əraziyə sahib idi. Sonra İrəvan şəhərinin və ətraf bölgələrin ermənilərə hüquqi əhəmiyyəti olmayan formada güzəşti, SSRİ dönəmində yenə də mövcud konstitusiyaya zidd olaraq müxtəlif yerlərdə torpaqlarımızın Ermənistana verilməsi və s. kimi məsələlərlə Azərbaycan dövləti məşğul olmalı, məsələnin hüquqi formalarını işləyib ortaya qoymalıdır. Bir tərəfdən deportsiyalar, köçürmələr, soyqırımlar nəticəsində azərbaycanlıların azaldılması yolu ilə torpaqlarımıza sahib çıxılıb, ikinci tərəfdən ayrı-aryı vaxtlarda Azərbaycan torpaqları hissə-hissə əlimizdən alınıb…

– Qərbi Azərbaycan İrəvan Respublikası yaradıldı sonra isə adı dəyişdirilərək İrəvan Türk Cumhuriyyəti adlandırıldı. Sizin buna münasibətiniz necədi?

– Bizim mövqeyimiz QAİ-nın bəyanatında açıq şəkildə ifadə olunub. Biz bu yolu indiki situasiyada ziyanlı hesab edirik. Bu qurumun yaradılmasının xeyirli və ziyanlı tərəflərini ətraflı təhlil etmişik. Bizdə Dağlıq Qarabağ problemi var, tarixi torpaqlarımızın ilhaqındakı qarışıq vəziyyət, beynəlxalq hüququn norma və prinsipləri prizmasından baxış bucağı bu qurumun ümumi işimizə xeyir verməyəcəyini diqtə edir.
Yuxarıda baxışlarımızı və Azərbaycanın atmalı olduğu addımları qeyd etdim.
Burada Qərbi Azərbaycan Türk Cumhuriyyətinin yerini kim deyə bilər?

Əgər Azərbaycan dövlətinin bütövlükdə ərazisi işğal olunsaydı, bu halda mühacirətdə dövlət qurula bilərdi. Hətta vaxtilə Azərbaycan SSR, formal olsa belə, yaranmışdı deyə AXC rəhbərliyində təmsil olunanlar dövlət deyil, mühacir hökumət yaratmışdılar.Onlar gözəl bilirdillər ki, əgər dövlət yaratsalar, qarşıya Azərbaycan dövlətinin mövcudluğu, sadəcə bir ittifaqda birləşdikləri faktını qoyacaqlar.

Yəni dövlətin varlığını yeni ittifaqda təmsil olunmaqla saxlamış olurdular ki, bu da, əslində, aydın məsələ idi, işğala müstəqillik donu geyindirmək üçün atılan addım idi.
Demək istəyirəm ki, atılan addımlar hüquqa, beynəlxalq hüququn norma və prinsiplərinə və məntiqə əsaslanmalıdır. O şey ki, biz Dağlıq Qarabağ məsələsində hamıdan əməl etməyi tələb edirik.
Torpaqlarımızın davasını Azərbaycan dövləti və millətimiz aparacaq.

O torpağın yiyəsi buna iddialı olmalıdır, yoxsa hansısa “dövlət” yox. O torpaqlar heç kəsin, heç bir qurumun yox, bütövlükdə Azərbaycan xalqının tarixi torpaqlarıdır və bu gün o torpaqlara ancaq güclü Azərbaycanımız iddia qaldıra bilər, vəssalam. Fikir verirsinizmi, ölkə prezidenti cənab İlham Əliyevin bu istiqamətdə fikirlərinə heç kəs irad bildirə bilmir. Cənab Prezident bu gün mövcud olan beynəlxalq qaydalara uyğunolaraq, işğalçı erməni qüvvələrinin torpaqlarımızdan çıxarılmasını, qaçqınlarla bağlı isə əzəli torpaqlarımıza qayıtmalı olduğumuzu deyir. Hər iki çağırış tam qanunidir.

Bu çağırışda yeni “dövlətin” yerini kim göstərə bilər?

Bir daha vurgulamaq istəyirəm ki, ölkə tam olaraq işğala məruz qaldıqda müharicətdə dövlət yaradıla bilər. Bizim halda isə şükürlər olsun ki, Azərbaycan dövləti var, günü-gündən güclənir və işğal altında olan və tarixi torpaqlarının məsələsini də özü həll edəcək, inşəAllah.

– Mirfaiq müəllim, sizcə, bu dediklərinizi bilmirlər ki, bəlkə işin görünməyən tərəfi var?

– Müəyyən mülahizələr söyləmək olar. Son vaxtlar baş verən proseslər, sabiqlərin davranışları, qurumda təmsil olunan bir çox müxalifətçilər və onların çıxış və sosial şəbəkələrdəki paylaşımları, Əli İnsanovun müsahibəsində yeni elan olunan dövlətə xeyir- dua verməsi, əzəli rəqibi və bir nömrəli düşməni olan Ramiz Mehdiyevlə az qala qardaşlıq münasibətlərindən danışması, Ramiz Mehdiyevin qanun pozuntusuna “yeni dövlət” təmsilçilərininn münasibət bildirməməsi, əksinə, qeyri-müəyyən paylaşımlar etmələri bir qədər şübhələrimizi möhkəmləndirir.
Qafar Çaxmaqlını əvvəllər vətənpərvər biri kimi tanıdığıma görə, indiyədək bu istiqamətdə şübhələrimin əsassızlığına özümü inandırmışam. Lakin Qafar Çaxmaqlını əhatəyə alan müxtəlif yönlü qüvvələrdən və sadaladığım adamların bu məsələdəki atmacalarından və Qafar Çaxmaqlının da həmin çevrədə özünü rahat hiss etməsindən şübhələrimizn əbəs yerə olmadığı ortaya çıxır.

– Siz yeni elan olunan “respublikanın” rəhbərliyində təmsil olunan Təbriz Musayevin profilindəki paylaşımdan xəbərdarsınız?

– Bəli, xəbərdaram. Həmin paylaşıma da reaksiya yoxdur.Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstanın dövlət təmsilçisi Nursultan Nazarbayevin və bir də Əli İnsanovun şəkilləri olan bir kompazisiyada “… şəkildə gördüyünüz siyasətçilər türk dünyasının liderləridir…” kimi təqdimat yer alır.Yuxarda qeyd etdiyim məsələlər və bu tipli paylaşım, məncə, nə isə deyir.
Hesab edirəm ki, Qafar Çaxmaqlının ətrafında Əli İnsanov öz emissarlarını yaxşıca yerləşdirib və qeyd etdiyim paylaşım ondan xəbər verir ki, yeni elan olunan İrəvan Türk Cumhuriyyətinin başına bir gün qəfildən Əli İnsanov gətirilsə, təəccüblənməyək.

– Sizcə, daha hansı işlərin görülməsinə ehtiyac var?

– Biz hesab edirik ki, mübarizəmizə dəstək olacaq amillər paralel olaraq işlənməlidir və işlənir də. Məsələn, icmaların yaradılması yolu ilə qayıdışa təşkilatlanma baxımından hazırlıq, tarixi torpaqlarımızda varlığımızı sübut edən sənədlərin, arxiv materiallarının toplanması, kitabların yazılması, bu kitabların müxtəlif dillərdə tərcümə olunması və s kimi dəstəkverici hərəkətlərin olunması, elmi-hüquqi-tarixi-siyasi materiallarla hücum xəttimizin gücləndirilməsi çox vacibdir.

Bu günlərdə AQC və QAİ-nin sədri, millət vəkili Əziz Ələkbərlinin Qərbi Azərbaycan mövzusunda növbəti dəyərli kitabının mötəbər elmi heyətin iştirakı ilə təqdimatı oldu.

Sonra həmin kitabın ingilis və rus dillərində elektron variantları hazırlanıb internetə yerləşdirildi. Düşünürük ki, təhlükəsizliyimizin, inkişafımızın bütün parametrlər üzrə sistemli şəkildə işlənməsi, müəyyən proqnozların hazırlanması üçün bir mərkəzə də ehtiyac vardır. Bu mərkəzin yaradılması zamanı ermənilərin və onlara dəstək olanların bütövlükdə Azərbaycanı ilhaq, çökdürmə planları diqqət mərkəzində saxlanmalı və düşmənə qarşı aparılacaq mübarizənin təşkilində bu cəhət xüsusilə nəzərə alınmalıdır.

– Qərbi Azərbaycan İcması olaraq bu işlə məşğul ola bilməzsiniz ki?

– Əlbəttə, biz Qərbi Azərbaycan İcması olaraq həm də elə bu işlərlə məşğuluq.

Hətta QAİ-də belə bir mərkəz də yaratmışıq. Lakin burada ciddi çətinliklərimiz var. Əslində, yaradılmasını təklif etdiyimiz Mərkəzdə ştatlı işçilər olmalıdır. Xarici dilləri bilən mütəxəssislər, hüquşünaslar, siyasətşünaslar və b. kadrlar bu mərkəzə toplanmalıdır. Hazırlanan tədqiqat işlərinin nəticəsi operativ şəkildə müvafiq dövlət qurumlarına təqdim olunmalıdır. Səfirliklərə, digər icraedici qurumlara məlumat verilməlidir. Yəni fundamental iş aparılmalıdır…

Bu da İcmanın imkan və səlahiyyətlərini aşan məsələdir. Müəyyən işləri biz görə bilərik. Lakin göründüyü kimi, bu məsələdə dövlətin resursları ortaya qoyulmalıdır. Biz bu barədə dövlət qurumlarına təklif vermişik.