Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Moskva İslam İnstitutunda Azərbaycan alimlərinin, tanınmış mədəniyyət və elm xadimlərinin qatıldıqları Azərbaycan Elm və Mədəniyyət Günlərində iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdədir.
“Yeni Gundem” xəbər verir ki, İlahiyyat İnstitutunun rektoru səfər çərçivəsində bir sıra görüşlər keçirib.
A.Şirinov öncə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, professor Damir Muhetdinovla görüşüb. Görüşdə Azərbaycan İlahiyyat İnstitutu ilə Moskva İslam İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən baş tutacaq bir sıra tədbirlər barədə fikir mübadiləsi aparılıb. Hər iki ali təhsil müəssisəsinin rəhbəri ilahiyyat sahəsində peşəkar kadrların hazırlanmasının vacibliyi məsələsinə toxunub, qarşıda duran vəzifələr haqqında söhbət açıb.
İlahiyyat İnstitutunun rektoru daha sonra Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Şeyx Ravil Qaynutdinlə görüşüb.
Rusiya Müsəlmanları Ruhani İdarəsinin, Rusiya Müftilər Şurasının sədri Şeyx Ravil Qaynutdin qonağı salamlayaraq, iki ölkə arasında elm, təhsil və maarifləndirmə sahəsində əməkdaşlıq əlaqələrinin uğurla davam etdirildiyini vurğulayıb.
Dini lider iki ölkə arasında elmi əlaqələrin və dost münasibətlərin inkişafından məmnunluğunu ifadə edib, eləcə də Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbriklərini bildirib. Qeyd edib ki, Sovet İttifaqının rəhbərlərindən biri olmuş, ağır sınaq illərində Azərbaycana başçılıq etmiş xalqın görkəmli oğlunun xatirəsi bir çox ölkədə hörmətlə anılır. Ümummilli Liderin yubileyi ilə əlaqədar Moskva İslam İnstitutunda Azərbaycan alimlərinin, tanınmış mədəniyyət və elm xadimlərinin iştirak etdikləri Azərbaycan Elm və Mədəniyyət Günlərinin keçiriləcəyini diqqətə çatdırıb. O, Aİİ rektoru Aqil Şirinovu da burada görməkdən məmnun olduğunu bildirib.
Rektor Aqil Şirinov görüş üçün Müftiyə təşəkkürünü bildirib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibətilə təbrikinə görə minnətdarlığını vurğulayıb. Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb. Rektor Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti haqqında da geniş söhbət açıb.
A.Şirinov xalqımızın haqq savaşı olan, Vətən müharibəsi zamanı göstərdikləri mənəvi dəstəyə görə dini liderə dərin minnətdarlığını bildirib.
Görüşdə tərəflər arasında təhsil və elm sahələrində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesində əldə olunmuş nailiyyətlərin tətbiqi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Aİİ rektoru Aqil Şirinov səfər çərçivəsində Moskva Cümə Məscidini ziyarət edib. Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin müavini Rafiq Fattahetdinovun 50 illik yubileyi ilə əlaqədar Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsində təşkil olunan ziyafətdə iştirak edib.