Yanvar ayının 17-də Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Televiziyasının Mədəniyyət kanalının təşkilatçılığı ilə şəhidlərin əziz xatirəsinə ithaf olunan və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaətindən bəhs edən “Mübariz” musiqili operasının premyerası olub.
“Yeni Gündem” xəbər verir ki, Librettosu şair Şahin Musaoğluna, musiqisi bəstəkar Nərmin Nağıyevaya məxsus olan operanın quruluşçu rejissoru respublikanın Əməkdar artisti İnarə Babayevadır. Baş rolda çıxış edən Əməkdar artist Ramil Qasımov Mübariz obrazını xüsusi məharətlə yaratdı.
Digər rollarda Əməkdar artistlər Cahangir Qurbanov və Tural Ağasiyev, Səbinə Ərəbli, Taleh Yahyayev, Şaban Cəfərov, Elçin Əhədzadə, Aydan Həsənova çıxış ediblər.
Qeyd edək ki, operanın quruluşçu baletmeysteri Əməkdar artist Ceyhun Qubadov, quruluşçu rəssamı Fərid Nəcəfovdur. Tamaşada F. Əmirov adına Əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xoru (xormeyster Şəhla Ələkbərova) iştirak ediblər.