Bu gün prezidentlik iddiasından vaz keçən Türkiyənin “Memleket” Partiyasının sədri Muharrem İnce istefasının səbəblərini açıqlayıb. Təcrübəli siyasətçi şantaja məruz qaldığı üçün mübarizəni dayandırdığını etiraf edib. Yenisabah.az xəbər verir ki, partiya sədri bu barədə Ankarada keçirdiyi mətbuat konfransında açıqlama verib.
M.İnce deyib ki, seçki mübarizəsinə qoşulduğu ötən 45 gün ərzində olmazın təzyiq və təqiblərlə üzləşib, şantaja məruz qalıb:
“İsrail saytlarından istifadə edərək saxta pornokasetlərimi hazırlayıblar. Bu işin arxasında FETÖ-çular dayanır. Tədbir görülməsi üçün dəfələrlə müraciət etsəm də, polis və prokurorluq heç bir addım atmayıb. Onlar məni FETÖ-nun şantajı baş-başa buraxdılar. Təəssüf ki, Türkiyə Cümhuriyyəti mənim etibarımı qoruya bilmədi”.
Siyasətçi əlavə edib ki, özü prezidentliyə namizəd olmasa da, rəhbərlik etdiyi “Memleket” Partiyası mübarizəni davam etdirəcək. O, sədri olduğu partiya üçün hər evdən bir səs istəyib.